“Yenə də Rusiyada anti-Azərbaycan əhval-ruhiyyəsinin daşıyıcısı olan müəyyən qüvvələr fəaliyyətdədir və biz zaman-zaman bunun müxtəlif səviyyələrdə təzahür etdiyini görürük”.
Bu sözləri Milli Məclisin deputatı Azər Allahverənov Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, xüsusilə də son zamanlar media resurslarında ölkəmiz əleyhinə narrativlərin dilə gətirilməsi, ictimai rəyin məhz bu əhval-ruhiyyə üzərində köklənməsi, sonrakı mərhələdə “Telegram” kanallarında müxtəlif botlar üzərindən anti-Azərbaycan kampaniyasının başladılmasının hamısı vahid ssenarinin tərkib hissələridir:
“Çünki bu kampaniyanın həddindən artıq sistemli, planlaşdırılmış, hətta müəyyən mənada koordinasiya olunmuş şəkildə həyata keçirildiyini görürük. Bu da ondan xəbər verir ki, Rusiyada siyasi dairələrə bağlı olan müəyyən qüvvələr bu kimi təxribatların zaman-zaman törədilməsində maraqlıdırlar.
Buradakı məqsəd birmənalı şəkildə rus cəmiyyətində Azərbaycan üzərindən düşmən obrazı yaratmaqdır. Nəticə etibarilə, bu da sonrakı mərhələdə cəmiyyətin ayrı-ayrı təbəqələrində, əhalinin müxtəlif seqmentləri arasında çox güclü narazılıq şəklində özünü büruzə verməlidir. Buna hesablanmış kampaniyanın həyata keçirildiyinə şahidlik edirik”.
Millət vəkili hesab edir ki, Azərbaycana qarşı bu kampaniyanın arxasında duran qüvvələr birmənalı şəkildə rəsmi Bakı ilə Moskva arasında münasibətlərin gərginləşməsində, dərinləşməsində və bəzi hallarda radikallaşmasında maraqlıdırlar:
“Bunun üçün də bütün üsullara əl ataraq təxribatlara yol verirlər. Nə üçün bunun planlaşdırılmış və əlaqələndirilmiş təxribat olduğunu düşünürəm? Çünki bir il bundan əvvəl eyni gündə Sankt-Peterburqda, Azərbaycan Respublikasının konsulluğunun yerləşdiyi binanın qarşısında oxşar tərzdə təxribata yol verilmişdi.
Düzdür, o dönəmdə bunu “Başqa Rusiya” adlanan marginal siyasi qrupun törətdiyini iddia edirdilər. Lakin bəllidir ki, onlar sadəcə icraçıdırlar. Cəmiyyətdə heç bir nüfuzu olmayan və ictimai-siyasi proseslərə təsir göstərmək imkanından uzaq olan bu qrup nədənsə birdən-birə Azərbaycanı hədəf seçir və təhqiramiz ifadələr əks olunan plakatlar yerləşdirməklə təxribat törədir.
O dönəmdə Sankt-Peterburqun hüquq-mühafizə orqanları operativ şəkildə məsələyə müdaxilə etdilər; daha doğrusu, hadisənin qarşısını almasalar da, həmin şəxsləri saxladılar, sonra isə bunu xuliqanlıq kimi dəyərləndirərək müəyyən cərimə sanksiyaları tətbiq edib buraxdılar. Ola bilsin ki, indiki şəraitdə də oxşar ssenari təkrarlansın. Əsas məsələ həmin şəxslərə bu sifarişi verən qüvvələrdir. O zaman həmin qüvvələrin üzə çıxarılması baş vermədi, indi də onların açıqlanacağına inanmıram”.
Həmsöhbətimiz qeyd edib ki, həmin o sifarişçi qüvvələr müxtəlif üsullara əl ataraq fərqli səviyyələrdə təxribatlar törətməklə iki ölkə arasındakı münasibətlərin korlanmasına nail olmağa çalışırlar:
“Təbii ki, bu kimi təxribatlarla münasibətlər korlanan deyil, çünki iki ölkə arasında strateji tərəfdaşlıq mahiyyəti daşıyan münasibətlər mövcuddur. Müəyyən açıq qalmış məsələlər var idi - xüsusilə Azərbaycan Hava Yollarına məxsus təyyarənin vurulması, daha sonra Yekaterinburq və digər şəhərlərdə diasporaya qarşı hüquq-mühafizə orqanlarının çox sərt davranışı fonunda.
Lakin həmin suallarla bağlı lazımi cavablar verildi. Son hadisələrə, xüsusilə iki ölkə başçılarının və xarici işlər nazirlərinin bəyanatlarına nəzər salsaq, görürük ki, artıq açıq qalan məsələ yoxdur. Bütün suallar cavablandırılıb və iki ölkə arasındakı münasibətlərdə gərginliyə səbəb olan məsələlər siyasi dialoq vasitəsilə öz həllini tapıb.
Amma bu təxribat bir daha göstərir ki, müəyyən dairələr marginal qruplar vasitəsilə bu kimi sifarişlər verməklə münasibətlərin gərgin qalmasında maraqlıdırlar. Həmçinin, bəllidir ki, Rusiyada müxtəlif niyyətləri olan siyasi dairələr var və bu dairələrin müəyyən bir qismi Kremlin müxtəlif “qüllələrinə” bağlı ola bilər.
Ola bilsin, bu məsələ elə oradan qaynaqlanır. Lakin istənilən halda düşünürəm ki, bu insident istər Rusiya Federasiyası Prezident Administrasiyası, istərsə də Xarici İşlər Nazirliyi səviyyəsində qabarıq şəkildə qınanılacaq və hüquq-mühafizə orqanları zəruri tədbirlərin həyata keçirilməsini təmin edəcəklər”.
Deputat diqqətə çatdırıb ki, Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunduğu kimi, məsələyə birmənalı şəkildə hüquqi qiymət verilməlidir:
“Digər tərəfdən, vacib məqam sifarişçilərin tapılmasıdır. Lakin təhqiqat zamanı bəlli olsa belə, həmin sifarişçilərin kimliyini açıqlayacaqlarına inanmıram. Çünki həmin şəxslər müəyyən siyasi dairələrlə bağlıdırlar. 1961-ci il Vyana Konvensiyasının müvafiq müddəasına əsasən, diplomatik korpusa məxsus qonaq evinin mühafizəsi də lazımi səviyyədə təmin olunmalıdır. Bu, həmin binanın yerləşdiyi şəhərin və dövlətin aidiyyəti hüquq-mühafizə orqanlarının səlahiyyətinə aid məsələdir.
Paylaşılan videolardan görünür ki, həmin şəxslər çox rahat şəkildə gəlib plakatı yerləşdirirlər, çəkiliş aparırlar, sonra isə sakitcə uzaqlaşırlar və bu müddətdə müdaxilə edən olmur. Halbuki keçən il Sankt-Peterburqda baş verən anoloji hadisə zamanı hüquq-mühafizə orqanları dərhal hərəkətə keçərək həmin şəxsləri saxlamışdılar.
Moskvada diplomatik korpusa məxsus inzibati binaların yüksək səviyyədə qorunduğunu nəzərə alsaq, sual yaranır: bu plakat rahat şəkildə yerləşdirilərkən hüquq-mühafizə orqanları nə üçün adekvat addım atmadılar və reaksiya vermədilər? Bu da əlavə suallar doğuran məqamdır.
Düşünürəm ki, Rusiyanın hüquq-mühafizə orqanları həm məsələyə hüquqi qiymət verəcək, həm öz davranışları ilə bağlı münasibət bildirəcək, həm də bu hadisə ümumilikdə layiqli hüquqi və siyasi qiymətini alacaq”.
Elmir Mustafa



