Azərbaycanda son 10 ildə əsas ərzaq məhsulları arasında ən böyük bahalaşma kərə yağında qeydə alınıb.
Yeniavaz.com-un apardığı araşdırma göstərir ki, 2016-cı ilin iyul ayı ilə müqayisədə 2026-cı ilin iyul ayında əsas ərzaq məhsullarının böyük əksəriyyətinin qiymətində ciddi artım müşahidə olunub.
Müqayisə edilən 32 məhsulun heç birinin qiymətində ucuzlaşma qeydə alınmayıb. Ən böyük qiymət artımı kərə yağında olub. Belə ki, 2016-cı ilin iyulunda 1 kiloqramı 8,20 manata satılan kərə yağının qiyməti 2026-cı ilin iyulunda 23,35 manata yüksəlib. Bu, 184,8 faiz və ya təxminən 2,8 dəfə artım deməkdir.
Sümüklü mal ətinin qiyməti 7,25 manatdan 16,50 manata yüksələrək 127,6 faiz, qoyun ətinin qiyməti 8,45 manatdan 19 manata yüksələrək 124,9 faiz artıb.
Ərzaq məhsulları arasında kələmin qiymətində də yüksək artım qeydə alınıb. 1 kiloqram kələmin qiyməti 42 qəpikdən 95 qəpiyə yüksəlib ki, bu da 126,2 faiz artım deməkdir.
Pendir (brınza) 103,7 faiz, çörək 100 faiz, uzun düyü 98 faiz, qarğıdalı yağı 95,7 faiz, buğda unu 87,5 faiz, çay isə 86,7 faiz bahalaşıb.
Ət məhsullarından toyuğun qiyməti son 10 ildə 85,3 faiz artaraq 3,40 manatdan 6,30 manata yüksəlib.
Digər məhsullar arasında yumurtanın qiyməti 38,5 faiz, südün qiyməti 27,8 faiz, bananın qiyməti isə cəmi 7,4 faiz artıb. Bu, müqayisə edilən məhsullar arasında ən aşağı qiymət artımıdır.
Aşağıdakı cədvəldə 2016-cı ilin iyul ayı ilə 2026-cı ilin iyul ayında bir sıra əsas ərzaq məhsullarının qiymətləri və son 10 ildəki artım faizi müqayisə olunub:



