"Sözsüz ki, bu hadisənin arxasında Rusiya dayanır. Özü də bu, Qarabağdakı Rusiya sülhməramlıları komandanının özbaşına təşəbbüsü deyil. Rusiya kimi ölkədə o, özbaşına belə hərəkətlər edə bilməz. Bu məsələlər bilavasitə bir nəfərin iradəsi çərçivəsində baş verir”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri Rusiya Müdafiə Nazirliyinin nəzdindəki Müdafiə idarəsi Milli Mərkəzinin rəisi general-polkovnik Mixail Lizintsevin qondarma "Dağlıq Qarabağ” ifadəsini işlədərək buradan Kiyev və Zaporejye sakinlərinə 14 ton zəruri malların gətirildiyi barədə sərsəm fikirlərinə və onunla eyni vaxtda erməni separatçılarının Azərbaycan Ordusunun mövqelərini atəşə tutmasına münasibət bildirərkən deyib:
"Adətən bu cür hadisələr düşünülərək yaradılır. Bilirsiniz ki, belə məlumatların informasiya nöqteyi-nəzərindən müəyyən nəticələri olur. Belə informasiyaları adətən gizlətmirlər, əksinə, bilavasitə ortaya çıxması və bəyan olunması üçün gündəmə gətirirlər. Həmin addımı da Qarabağdakı mövcud separatçı rejim özbaşına etməyib. Çünki özbaşına etmələrinin onlar üçün acınacaqlı siyasi nəticələrə səbəb olacağını bilirlər. Deməli, bu addım düşünülərək, məsləhətləşərək, razılaşaraq və bilərəkdən edilən hadisədir, arxasında da Rusiya dayanır”.
Həmsöhbətimizin fikrincə, bu olaylar Azərbaycana təzyiq məqsədi daşıyan mesajlardır:
"Son günlər separatçı rejimin qanunsuz silahlı birləşmələri Azərbaycan Ordusunun mövqelərini atəşə tutub. Onlar bunun nəticəsini bilməmiş deyil. Buna rəğmən onları arxayın edən məqamlar var ki, onun da arxasında mütləq mənada Rusiya dayanır. Paşinyanın Azərbaycanla sülh müaaviləsinin imzalanması vacibliyindən danışdığı bir məqamda, son hadisələr heç də məntiqli görünmür. Bir tərəfdə sülhdən danışır, o biri tərəfdən isə Azərbaycanın mövqelərini atəşə tuturlar”.
Politoloq düşünür ki, Moskvanın ölkəmizə münasibətdə belə qeyri-dost davranması Azərbaycanın Ukrayna məsələsində tutduğu humanist mövqe ilə bağlıdır:
"Görünür, Moskvanın Bakıya münasibətdə müəyyən xoşuna gəlməyən məqamlar var. Bu da xüsusən Ukrayna-Rusiya müharibəsi çərçivəsində baş verir. Bu cür təzyiqlərlə Moskva Bakıya mesaj verir ki, Azərbaycan guya Rusiyanın maraqları çərçivəsində olmayan hansısa əməllər törədir. Bakıda Ukraynanı dəstəkləyən mitinqlər oldu. Ukraynaya Azərbaycan həm də humanitar yardım göndərdi. Xalqımız 300 ildir Rusiyanın ölkəmizə etdiklərini unutmayıb və unutmayacaq. Rusiyanın ölkəmizə yönəlik bu təzyiq mexanizmini əllərindən almalıyıq. Buna imkan da var. Hadisələr davamlı olarsa, Azərbaycan qanunsuz erməni silahlı dəstələrini zərərsizləşdirməyin yolunu da bilir. Mənbəni birdəfəlik yerində məhv etməliyik”.