“İranın sərhəd təxribatına qırıcı ilə cavab verək” - ÇAĞIRIŞ

SİYASƏT
20:56 / 11.03.2023
873

Tarix təkrarlanır. İran təyyarələri yenə hava sərhədimizi pozur. Tehranın Azərbaycana qarşı planlı təzyiq siyasəti mövcuddur və onu bənd-bənd yerinə yetirməyə çalışır.

Hit.Az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu İranın Azərbaycanla sərhəddə törətdiyi təxribata münasibət bildirərkən deyib. 

O, İranın ölkəmizə qarşı törətdiyi təxribatları xronoloji ardıcıllıqla yada salıb:

"Qısa zaman kəsiyində üzləşdiyimiz təxribatların bir hissəsini xatırlayaq:

1. İkinci Qarabağ müharibəsinin getdiyi günlərdə İran hərbçiləri Azərbaycan ərazisində peyda oldular və xəbərdarlıqdan sonra ərazimizi tərk etdilər.

2. İran nəqliyyat maşınları Ermənistandan Qarabağa yük daşıdılar;

3. Azərbaycan torpaqlarının böyük hissəsini azad etdikdən sonra SEPAH zabitləri Ermənistan üzərindən Qarabağa getməyə başladılar;

4. İran Azərbaycanla sərhəddə nümayişkənarə şəkildə hərbi təlimlər keçirdi;

5. Azərbaycanın İrandakı səfirliyinə terror hücumu təşkil olundu;

6. İranda Azərbaycan vətəndaşı müəammalı şəkildə yoxa çıxdı;

7. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Bakıda Qlobal Forumuna sayılı günlər qalarkən, Tehranda “Nizami Gəncəvi fars şairidir” yalanı əsasında tədbir keçirdilər".

Elxan Şahinoğlu vurğulayıb ki, İran təyyarəsinin sərhədimiz ətrafında uçuş keçirməsinə reaksiya verməsək, qarşı tərəf sərhəd pozuculuğunu genişləndirəcək. 

Onun fikrincə, Azərbaycan Xarici İşlər Nazirliyinin İran səfirinə nota verməsi Tehranı durduran deyil: 

"Tehranı ya Azərbaycan təyyarələrinin sərhədə yaxın uçuşları, ya Türkiyə ilə birgə növbəti hərbi təlimlər, ya da 2001-ci ildə olduğu kimi Türk yıldızlarının Bakı səmasında növbəti uçuşları durduracaq".

0