Simonyan Paşinyanı əvəzləyəcək? - ŞƏRH 

SİYASƏT
13:10 / 19.02.2024
304

Son günlərdə Ermənistanda hakimiyyət dəyişikliyi ola biləcəyi ilə bağlı iddialar səngimir. 

Paşinyan administrasiyasındakı fikir ayrılıqları və etirazlar fonunda sözügedən iddialar daha da artır. Üstəlik, Baş nazir Nikol Paşinyanın yerinə alternativ ad da ön plana çıxıb. Söhbət Ermənistan Parlamentinin sədri Alen Simonyandan gedir. Onun Paşinyanın yerinə ən iddialı namizəd olduğu deyilir. 

Bəs həqiqətən Simonyan Paşinyanı əvəzləyə bilərmi? 

Mövzu ilə bağlı Hit.az-a açıqlama verən politoloq Elçin Abdullayev bildirib ki, Simonyanın Paşinyanın əvəzləməsi real görünmür:

344107

"Ermənistanda hakimiyyət dəyişikləri Rusiyanın əli ilə baş tutur. Amma Rusiya Nikol Paşinyanı devirmək istəsə belə, Alen Simonyanı onun yerinə gətirəcəyini zənn etmirəm. Çünki Simonyanın tutduğu siyasi xətt ilə Paşinyanın tutduğu siyasi xətt demək olar ki, eynidir. 

Onların hər ikisi Qərbə bağlıdır. Hesab edirəm ki, həm Nikol Paşinyan, həm də Alen Simonyan Ermənistanın uzunmüddətli maraqlarını təmin etməyə çalışan siyasətçilərdir". 

Ekspert qeyd edib ki, bu maraqları təmin etmək üçün isə Ermənistan ilk növbədə qonşuları olan Azərbaycan və Türkiyə ilə münasibətlərini normallaşdırmalıdır:

"Ümumiyyətlə, Ermənistan Azərbaycanla sülh müqaviləsini imzaladıqdan sonra uzunmüddətli siyasi sabitliyə nail ola bilər. Yəni Paşinyan və Simonyan eyni siyasi xətti yürütdüyü üçün Ermənistanı düşdüyü bataqlıqdan və 30 ildən çoxdur üzləşdikləri blokadadan çıxarmağı hədəfləyirlər. 

Sadəcə olaraq Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətlərini normallaşdırmasına əngəl olmağa çalışan dövlətlər var. Ona görə də proseslər ləngiyir". 

Politoloq əlavə edib ki, Simonyanın Paşinyanı əvəzləməsi də nəyisə dəyişməz:

"Düşünürəm ki, Alen Simonyan da Nikol Paşinyanı əvəzləsə heç nə dəyişməyəcək. Yəni Ermənistanın indiki hakimiyyətinin siyasi kursundan fərqli addımların atılması gözlənilməyəcək".

Pərviz

0