Azərbaycanın yeni hədəfi: Beynəlxalq daşımalar qovşağına çevrilmək

SİYASƏT
12:40 / 18.06.2026
274

Azərbaycanın regional nəqliyyat və loqistika mərkəzinə çevrilməsi strategiyası ölkənin iqtisadi şaxələndirilmə siyasətinin əsas sütunlarından birini təşkil edir. 

Prezident İlham Əliyevin İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimindəki bəyanatı rəsmi Bakının bu istiqamətdəki qətiyyətini bir daha nümayiş etdirir. Azərbaycan Lideri vurğulayıb ki, ölkənin daşımalar qovşağına çevrilməsi istiqamətində səylər davam etdiriləcək. 

Dövlətimizin başçısının “Biz Azərbaycan vasitəsilə daşınan yüklərin həcminin iki dəfə artırılmasını istəyirik” hədəfi ölkənin Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərindəki tranzit potensialının maksimum dərəcədə aktivləşdirilməsinə hesablanıb. Bu bəyanat həm regional inteqrasiyanı gücləndirir, həm də Azərbaycanı qlobal tədarük zəncirinin əvəzolunmaz qovşağına çevirmək yolunda yeni mərhələnin başlandığından xəbər verir. 

“Cebhe.info” Xəbər Portalının baş redaktoru, siyasi şərhçi Rəfail Becanov Hit.az-a açıqlamasında bildirib ki, Azərbaycanın son illərdə həyata keçirdiyi ardıcıl və prinsipial siyasət ölkənin beynəlxalq nəqliyyat və logistika qovşağına çevrilməsi istiqamətində öz real nəticələrini verməkdədir:


“Coğrafi və geosiyasi mövqe, müasir nəqliyyat infrastrukturu Azərbaycanı Avrasiyanın strateji tranzit mərkəzlərindən birinə çevirib. Prezident İlham Əliyevin Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimindəki dediyi "Azərbaycanın daşımalar qovşağına çevrilməsi istiqamətində səylərimizi davam etdirəcəyik" fikri də məhz bu siyasətin əsas prioritet kimi qəbul edildiyini göstərir”.

Ekspert vurğulayıb ki, Azərbaycan dünyanın ən sabit ölkələrindəndir:
“Yeni və müasir nəqliyyat infrastrukturu, dəmir yolları, tranzit marşrutları Azərbaycanı dünya üçün maraqlı ölkələrdən birinə çevirib. Ona görə də Azərbaycanın beynəlxalq nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilməsi dünya iqtisadiyyatı üçün əvəzsiz rol oynaya bilər”.

Rəfail Becanov diqqətə çatdırıb ki, Zəngəzur dəhlizinin açılması ilə də Azərbaycanın daşımalar qovşağına çevrilməsi üçün yeni imkan yaranacaq:
“Bu dəhlizin açılması Azərbaycanın nəqliyyat xəritəsindəki rolunu da gücləndirəcək. Ölkəmiz Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən əsas logistika platformalarından biri olacaq. Zəngəzur dəhlizinin açılmasına yalnız yeni nəqliyyat marşrutu kimi deyil, həm də regionda iqtisadi əməkdaşlığın, ticarət əlaqələrinin və qarşılıqlı inteqrasiyanın genişlənməsi üçün böyük fürsət kimi baxmaq lazımdır.  

Dünyada geosiyasi gərginliklər, münaqişələr fonunda nəqliyyat marşrutları təhlükəsizlik problemi ilə üz-üzədir. Belə bir məqamda Azərbaycan üzərindən təhlükəsiz daşımalar, sabit və etibarlı tranzit imkanları xüsusi əhəmiyyət daşıyır. Regionlar və qitələr arasında alternativ və dayanıqlı logistika mərkəzi çox vacib amlidir. Azərbaycan məhz Zəngəzur dəhlizinin açılması ilə qlobal ticarət zəncirinin mühüm halqasına çevrilərək, öz mövqeyini də gücləndirmiş olacaq”.

Baş redaktor əlavə edib ki, daşımalar qovşağına çevrilmək ölkəmizin beynəlxalq nüfuzunun artmasına, sərmayələrin çoxalmasına, yeni iş yerlərinin yaradılmasına və iqtisadiyyatın şaxələnməsinə də töhfə verəcək:
“Azərbaycanın tranzit potensialının genişlənməsi beynəlxalq yükdaşımlar üçün yeni imkanlar açmaqla yanaşı, bu tranzit daşımalardan istifadə edən tərəfdaşların da logistika xərclərini optimallaşdıracaq. Ümumilikdə isə qlobal ticarət üçün səmərəli bir formul reallaşacaq. 

Ona görə də Azərbaycanın bu istiqamətdəki fəaliyyəti təkcə milli maraqlara deyil, bütövlükdə regional və qlobal iqtisadi inkişafa da müsbət təsir edəcək addımdır. Bu baxımdan, ölkəmizin formalaşdırdığı yeni nəqliyyat və logistika imkanları Avrasiya məkanı və dünya iqtisadiyyatı üçün strateji əhəmiyyət daşıyır”.

Elmir Mustafa

0