Deputat: “Uğurlu siyasət Azərbaycanın beynəlxalq nüfuzunu daha da artırır”

SİYASƏT
16:00 / 19.06.2026
423

“Son illərdə Azərbaycanın əldə etdiyi uğurlar ölkənin beynəlxalq mövqelərinin əhəmiyyətli dərəcədə möhkəmlənməsinə səbəb olub”. 

Bu sözləri Milli Məclisin deputatı Jalə Əliyeva Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü və milli maraqlara əsaslanan siyasət nəticəsində Azərbaycan regionun lider dövlətlərindən birinə çevrilməklə yanaşı, qlobal proseslərdə fəal iştirak edən, etibarlı və məsuliyyətli tərəfdaş kimi tanınan ölkə statusunu daha da gücləndirib:


“Azərbaycanın xarici siyasətinin əsas xüsusiyyətlərindən biri müstəqil qərarvermə qabiliyyətinə malik olması, milli maraqları qətiyyətlə müdafiə etməsi və beynəlxalq əməkdaşlığa açıq yanaşmasıdır. Məhz bu amillər ölkəmizin dünyanın müxtəlif siyasi və iqtisadi mərkəzləri ilə qarşılıqlı faydalı münasibətlər qurmasına imkan yaradıb. Azərbaycan bu gün həm Şərq, həm Qərb, həm də Şimal və Cənub istiqamətlərində etibarlı tərəfdaş kimi qəbul olunur”.

Millət vəkili qeyd edib ki, ölkəmizin beynəlxalq nüfuzunun artmasında enerji siyasəti xüsusi rol oynayır:
“Azərbaycan uzun illərdir ki, Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verir. Cənub Qaz Dəhlizi kimi strateji layihələrin uğurla həyata keçirilməsi Azərbaycanın qlobal enerji bazarında mövqeyini daha da möhkəmləndirib. Hazırda ənənəvi enerji resursları ilə yanaşı, yaşıl enerji sahəsində də mühüm təşəbbüslər irəli sürülür və bu istiqamətdə beynəlxalq əməkdaşlıq genişlənir.

Nəqliyyat və logistika sahəsində həyata keçirilən layihələr də ölkəmizin beynəlxalq əhəmiyyətini artıran amillərdəndir. Azərbaycan Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən mühüm tranzit mərkəzinə çevrilib. Orta Dəhlizin inkişafı, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının fəaliyyəti, müasir nəqliyyat infrastrukturu ölkəmizin qlobal ticarət marşrutlarında rolunu daha da gücləndirir”.

Jalə Əliyeva diqqətə çatdırıb ki, Azərbaycanın beynəlxalq təşkilatlarda fəal iştirakı və irəli sürdüyü təşəbbüslər də ölkənin nüfuzunun artdığını göstərir:
“Ölkəmiz müxtəlif beynəlxalq platformalarda sülh, təhlükəsizlik, multikulturalizm və dialoq prinsiplərinin təşviqinə mühüm töhfələr verir. Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq tədbirlər və forumlar dünyanın diqqətini ölkəmizə yönəltməklə yanaşı, onun diplomatik imkanlarını da nümayiş etdirir.

Vətən müharibəsində qazanılan tarixi Zəfərdən sonra Azərbaycanın beynəlxalq mövqeləri daha da güclənib. Ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması regionda yeni geosiyasi reallıqlar yaradıb.

Hazırda işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri beynəlxalq ictimaiyyət tərəfindən maraqla izlənilir. Qarabağ və Şərqi Zəngəzurun dünyanın ən müasir inkişaf modelləri əsasında yenidən qurulması Azərbaycanın iqtisadi potensialını və dövlət idarəçiliyinin səmərəliliyini nümayiş etdirir”.

Millət vəkili vurğulayıb ki, bütün bunlar ölkə rəhbərliyinin həyata keçirdiyi uzaqgörən siyasətin Azərbaycanın beynəlxalq nüfuzunun davamlı şəkildə artmasını təmin etdiyini göstərir:
“Bu gün Azərbaycan yalnız regionun deyil, daha geniş coğrafiyanın siyasi və iqtisadi proseslərinə təsir göstərən, etibarlı tərəfdaş kimi qəbul olunan, sözünə və öhdəliklərinə sadiq dövlət kimi tanınır. Qarşıdakı dövrdə də ölkəmizin əldə etdiyi nailiyyətlərin onun beynəlxalq mövqelərini daha da gücləndirəcəyi şübhə doğurmur”.

Elmir Mustafa

0