Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr edilən “Türk Dünyası Həftəsi”nə start verilib.
İyulun 3-dək davam edəcək proqram çərçivəsində türk dünyasının ortaq elmi, mədəni və tarixi irsini əhatə edən çoxsaylı beynəlxalq tədbirlər təşkil olunacaq. Xatırladaq ki, “Türk Dünyası Həftəsi” Azərbaycan Prezidenti İlham Əliyevin 22 oktyabr 2025-ci il tarixli "Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında" Sərəncamının icrası çərçivəsində təşkil olunur və elm, dil, tarix, mədəniyyət sahələrini əhatə edən silsilə tədbirləri özündə birləşdirir.
Müasir İnkişaf Birliyinin sədri, Crossmedia.az-ın baş redaktoru, siyasi şərhçi Mübariz Göyüşlü Hit.az-a açıqlamasında deyib ki, bu cür tədbirlərin və tematik həftələrin təşkili türk dünyasının birliyinin möhkəmləndirilməsi, türk xalqları arasında inteqrasiyanın dərinləşdirilməsi, həmçinin ortaq tarix və mədəni irsin tanıdılması baxımından böyük əhəmiyyət daşıyır:

“Son dövrlərdə türk dünyasının birliyinin gücləndirilməsi istiqamətində mühüm addımlar atılır. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti həm rəsmi, həm də qeyri-rəsmi müstəvidə bu prosesə mühüm töhfələr verir. Eyni zamanda, Azərbaycan ictimaiyyətinin nümayəndələri, elm və təhsil cameəsi, eləcə də vətəndaş cəmiyyəti institutları bu istiqamətdə fəal iştirak edirlər”.
M.Göyüşlü onu da əlavə edib ki, bir vaxtlar yalnız arzu kimi görünən ideyalar artıq reallığa çevrilməkdədir:
“Bu gün türk dünyasının siyasi, iqtisadi, mədəni, elmi və digər platformalarda əməkdaşlığının genişləndirilməsi istiqamətində ardıcıl işlər görülür. Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunan “Türk Dünyası Həftəsi” də həmin istiqamətdə atılan mühüm addımlardan biridir. Ümid edirəm ki, həftə çərçivəsində keçiriləcək tədbirlər türk dünyasının beynəlxalq səviyyədə daha geniş tanıdılmasına və xalqlar arasında əməkdaşlığın daha da möhkəmlənməsinə töhfə verəcək”.
Günel Cəlilova

