Deputat tibb işçilərinə dövlət qayğısından DANIŞDI

SAĞLAMLIQ
11:51 / 03.09.2026
207

Səhiyyə sistemində çalışan tibb işçilərinin əməkhaqqı ilə bağlı yeni mərhələyə start verilib. 

Sentyabrın 1-dən etibarən TƏBİB-in tabeliyində olan tibb müəssisələrində fəaliyyət göstərən əməkdaşların maaşlarında artım tətbiq edilir. Dəyişikliyin əhatə dairəsi kifayət qədər genişdir. Belə ki, yeni mexanizm ümumilikdə 72 212 tibb işçisinin əməkhaqqına təsir göstərəcək.

İslahatın arxasında səhiyyə sahəsində çalışan mütəxəssislərin əməyinin stimullaşdırılması və onların sosial vəziyyətinin yaxşılaşdırılması məqsədi dayanır. Eyni zamanda, daha güclü və dayanıqlı səhiyyə sistemi üçün peşəkar insan resurslarının inkişafına xüsusi önəm verilir.

Bu istiqamətdə təşəbbüs Birinci vitse-prezident Mehriban Əliyevadan gəlib. Təşəbbüs Prezident İlham Əliyev tərəfindən dəstəklənib və qərarın həyata keçirilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.

Əməkhaqqı mexanizminin yenilənməsi tibb işçilərinin fəaliyyətinə əlavə stimul yaratmaqla yanaşı, səhiyyə sektorunda insan kapitalının gücləndirilməsinə hesablanan addım kimi təqdim olunur. Beləliklə, sentyabrın ilk günündən TƏBİB sistemində çalışan 72 mindən artıq tibb işçisinin əməkhaqqı yeni qaydalar əsasında hesablanmağa başlayıb.

Milli Məclisin deputatı Aydın Hüseynov Hit.az-a açıqlamasında deyib ki, səhiyyə sahəsində çalışanların əməkhaqqı ilə bağlı yeni mexanizm fəaliyyətə başlayıb:

408837

“Sentyabrın 1-dən TƏBİB-in tabeliyindəki tibb müəssisələrində çalışan əməkdaşların maaşları yenilənmiş qaydalar əsasında hesablanır. Söhbət yalnız əməkhaqqı göstəricilərinin dəyişməsindən getmir. Qərarın əhəmiyyəti səhiyyə sisteminin əsas yükünü daşıyan insanların əməyinin qiymətləndirilməsi və sosial təminatlarının daha da möhkəmləndirilməsi ilə bağlıdır. 72 min 212 tibb işçisini əhatə edən bu dəyişiklik səhiyyə sektorunda çalışan müxtəlif kateqoriyadan olan əməkdaşlara şamil edilir. Həkimlər, tibb bacıları, feldşerlər və digər tibb personalının maddi imkanlarının yaxşılaşdırılması onların iş şəraitinə və peşə fəaliyyətinə münasibətdə də müsbət nəticələr yarada bilər”.

Millət vəkili onu da əlavə edib ki, səhiyyənin effektivliyi yalnız xəstəxanaların texniki imkanları və tibbi avadanlıqlarla ölçülmür:

“Bu sistemin ən mühüm resursu insan amilidir. Peşəkar kadrların saxlanılması, onların fəaliyyətə marağının qorunması və yeni mütəxəssislərin səhiyyəyə cəlb edilməsi üçün əmək şəraitinin mühüm hissəsini təşkil edən maddi təminat məsələsi də diqqətdə olmalıdır. 

Tibb işçilərinin əməkhaqlarının artırılması ölkədə həyata keçirilən sosial siyasətin səhiyyə sektorundakı təzahürlərindən biridir. Vətəndaşların gəlirlərinin artırılması, əməkhaqlarının və sosial ödənişlərin yüksəldilməsi uzunmüddətli dövlət siyasətinin əsas istiqamətlərindəndir. Bu yanaşma müxtəlif peşə sahələrində çalışan insanların sosial vəziyyətinin yaxşılaşdırılmasına yönələn ardıcıl tədbirlərdə özünü göstərir”.

Deputat xüsusi olaraq vurğulayıb ki, tibb işçiləri isə xüsusi məsuliyyət tələb edən peşə sahəsinin nümayəndələridir:

“Onların fəaliyyəti birbaşa insan həyatı və sağlamlığı ilə əlaqəlidir. Buna görə də bu sahədə çalışanların əməyinə verilən qiymət yalnız sosial məsələ kimi deyil, səhiyyə xidmətlərinin davamlılığı baxımından da nəzərdən keçirilməlidir. Əməkhaqqı artımının digər mühüm tərəfi kadr siyasəti ilə bağlıdır. Nəticə etibarilə, səhiyyəyə ayrılan vəsaitin yalnız infrastrukturun yenilənməsinə deyil, bu sistemi idarə edən və gündəlik olaraq vətəndaşlara tibbi xidmət göstərən insanların inkişafına yönəldilməsi də vacibdir”.

Sevinc

0