"Uber" şirkət strukturunda genişmiqyaslı dəyişikliklərə gedir. Bu proses çərçivəsində əməkdaşların təxminən 10 faizi işdən çıxarılacaq. Şirkətin 2025-ci ilin sonundakı əməkdaşlarının sayı təxminən 34 min nəfər olub. Bu rəqəm əsasında hesablandıqda ixtisarlar təxminən 3 400 nəfərə təsir edə bilər.
HİT.az xəbər verir ki, "Uber" hüquqi prosedurların fərqli tətbiq olunduğu bölgələr istisna olmaqla, qərardan təsirlənən əməkdaşlara bildiriş göndərməyə başlayıb.
İdarəetmə pillələri azaldılır
"Uber" şirkətinin baş direktoru Dara Xosrovşahi əməkdaşlara göndərdiyi məktubda komanda strukturunu sadələşdirəcəyini və idarəetmə pillələrinin sayını azaldacağını açıqlayıb.
Xosrovşahinin sözlərinə görə, "Uber" son illərdə böyüdükcə daha mürəkkəb struktura çevrilib. Əməkdaşlar da şirkətdaxili sorğularda problemləri müzakirə etmək və müxtəlif komandalar arasında koordinasiyanı təmin etmək üçün həddindən artıq vaxt sərf etdiklərini bildiriblər.
Şirkət bu problemi həll etmək üçün koordinasiyaya yönəlmiş bir çox vəzifəni ləğv edib. Həmçinin bəzi idarəetmə pillələri azaldılıb və oxşar işləri yerinə yetirən komandalar birləşdirilib. Bununla "Uber" əməkdaşların koordinasiya əvəzinə məhsul və xidmətlərin hazırlanmasına daha çox vaxt ayırmasını hədəfləyir.
Bu dəyişikliklərin şirkətə qənaət qazandıracağı da gözlənilir. "Uber" əldə ediləcək vəsaiti böyümə, yeni texnologiyalar və gələcək investisiyalar üçün istifadə etməyi planlaşdırır.
Avtonom avtomobillərə 10 milyard dollar ayıracaq
Yenidənqurma qərarı "Uber"in böyük investisiya planı açıqladığı dövrə təsadüf edir. Şirkət ötən ay avtonom avtomobillər sahəsinə yenidən daxil olmaq üçün 10 milyard dollar investisiya yatıracağını açıqlayıb.
"Uber" əvvəllər öz sürücüsüz avtomobil bölməsini idarə edirdi, lakin bu bölməni 2020-ci ildə satıb. Şirkət indi avtonom nəqliyyat sahəsində yenidən daha böyük rol oynamağa hazırlaşır.
Xosrovşahi "Uber"in son beş ildə gəlirlərini təxminən üç dəfə artırdığını bildirib. Bununla yanaşı, o, bu böyümənin şirkət daxilində yeni idarəetmə və koordinasiya pillələrinin yaranmasına səbəb olduğunu da qəbul edib.
Uzaqdan çalışanların böyük hissəsi ofisə qayıdacaq
"Uber"in dəyişiklikləri yalnız ixtisarlarla məhdudlaşmayacaq. Şirkət əməkdaşlarını daha az sayda mərkəzdə toplamağı da planlaşdırır.
Qlobal komandaların əsas mərkəzləri Nyu-York və San-Fransisko olacaq. "Uber" həmçinin texnologiya mərkəzlərini, regional komandalarını və ölkə üzrə əməliyyatlarını davam etdirəcək.
Ən böyük dəyişikliklərdən biri isə uzaqdan çalışan əməkdaşlara təsir edəcək. "Uber" uzaqdan işləyənlərin böyük hissəsindən ofisdə işləməyə keçmələrini tələb edir. Şirkət həftədə üç gün ofisdə işləmə şərtini nəzərdə tutan hibrid iş siyasətini də daha sərt şəkildə tətbiq edəcək.
Xosrovşahinin verdiyi məlumata görə, bu dəyişikliklərdən sonra "Uber" əməkdaşlarının yalnız təxminən 1 faizi tamamilə uzaqdan işləyəcək.
Baş direktor üzbəüz işləyən komandaların problemləri birlikdə həll etmək və əməkdaşlıq etmək baxımından üstünlüklərə malik olduğunu müdafiə edir. Şirkət bu səbəbdən pandemiyadan sonra ofis mərkəzli iş rejiminə daha çox üstünlük verəcək.
Samir

