Təyyarənin qalxması və enməsi zamanı sərnişinlər stüardessaların əllərini budlarının və ya oma nahiyələrinin altına qoyaraq oturduqlarını görə bilərlər. İlk baxışda qəribə görünən bu hərəkət əslində təhlükəsizlik qaydalarının bir hissəsidir.
HİT.az xəbər verir ki, Polşanın “WP Turystyka” nəşri kabin heyətinin bu vəziyyətdə oturmasının səbəblərini açıqlayıb.
Bələdçilər təyyarə hərəkətə başlayanda, havaya qalxanda və enəndə xüsusi təhlükəsizlik kreslolarında əyləşməlidirlər. Kapitanın göstərişi ilə, məsələn, güclü turbulentlik zamanı da heyət üzvlərinin öz yerlərini tutması tələb olunur.
Bəs əlləri niyə budların altına qoyurlar?
Təhlükəsizlik qaydalarına əsasən, ekipaj üzvləri kresloda müəyyən edilmiş vəziyyətdə oturmalıdırlar. Onların kürəyi və başı oturacağın arxalığına söykənməli, dizləri və topuqları bir-birinə yaxın saxlanmalı, ayaqları isə möhkəm şəkildə yerə dayanmalıdır. Əllər budların və ya oma nahiyəsinin altına yerləşdirilir.
Bu poza bədəni sabit saxlamağa və təyyarədə qəfil zərbə və ya digər fövqəladə vəziyyət yaranarsa, xəsarət riskini azaltmağa kömək edir.
Beləliklə, kabin heyətinin əllərini bu şəkildə yerləşdirməsi təsadüfi hərəkət və ya rahatlıq seçimi deyil. Bu, uçuşun müəyyən mərhələlərində mümkün təhlükələrə hazır olmaq üçün tətbiq edilən təhlükəsizlik prosedurudur.
Samir


