Çox qeybət edən insanlarda bu şəxsiyyət xüsusiyyəti ön plana çıxır

MARAQLI
17:11 / 26.10.2026
57

Yeni araşdırma tez-tez qeybət etmək vərdişi ilə bəzi şəxsiyyət xüsusiyyətləri arasında əlaqə olduğunu üzə çıxarıb. Nəticələrə görə, xüsusilə psixopatik xüsusiyyətlər həm qeybətin tezliyi, həm də başqalarının nüfuzuna zərər vurmağa yönələn söhbətlərlə daha güclü əlaqəlidir.

HİT.az xəbər verir ki, bu barədə Türkiyənin “Hürriyet” nəşri məlumat yayıb.

“Behavioral Sciences” jurnalında dərc olunan araşdırmada psixologiyada “Qaranlıq dördlük” adlandırılan narsisizm, makiavellizm, psixopatiya və sadizm xüsusiyyətləri ilə qeybət etmək vərdişi arasındakı əlaqə araşdırılıb. Nəticələr göstərib ki, bu dörd xüsusiyyətin hamısı daha tez-tez qeybət etməklə əlaqəlidir. Lakin ən güclü bağlılıq psixopatik xüsusiyyətlərdə müşahidə olunub.

Başqalarının nüfuzuna xələl gətirmək məqsədi daşıyan mənfi qeybətlərdə də psixopatik xüsusiyyətlər ön plana çıxıb. Başqalarının əziyyətindən və alçaldılmasından zövq alma meyli kimi xarakterizə edilən sadizm də bu cür söhbətlərlə əlaqələndirilib. Makiavellizm xüsusiyyətləri güclü olan şəxslərin isə qeybətdən yalnız kiməsə zərər vermək üçün deyil, məlumat toplamaq, başqalarının fikirlərini öyrənmək və sosial münasibətləri idarə etmək məqsədilə də istifadə edə bildikləri müəyyənləşdirilib.

Tədqiqatçılar vurğulayıblar ki, qeybət hər zaman mənfi davranış hesab edilməməlidir. İnsanlar bəzən məlumat bölüşmək, dostlarını mümkün təhlükələr barədə xəbərdar etmək və sosial əlaqələrini möhkəmləndirmək üçün də başqaları haqqında danışırlar.

Bununla belə, araşdırma tez-tez qeybət edən hər kəsin psixopatik xüsusiyyətlərə malik olduğu anlamına gəlmir. Tədqiqat iştirakçıların öz cavablarına əsaslandığı və müəyyən bir dövrdə aparıldığı üçün şəxsiyyət xüsusiyyətlərinin birbaşa qeybətə səbəb olduğunu da demək mümkün deyil.

Samir
 

0