Azərbaycanda növbəti dəfə çox mühüm beynəlxalq tədbir keçirilib.
Paytaxtımız bu dəfə VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna ev sahibliyi edib. Sözügedən platforma beynəlxalq əməkdaşlıq, qlobal çağırışlar və dövlətlərarası münasibətlər baxımından olduqca mühümdür. Forumda çıxış edən Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər Azərbaycanın xarici siyasət prioritetləri, regional proseslərə münasibəti və beynəlxalq əməkdaşlığa dair yanaşması ilə bağlı diqqət çəkib.
Milli Məclisin deputatı Vüqar Bayramov Hit.az-a açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı zamanı Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpası və beynəlxalq hüququn təmin edilməsi məsələlərinə xüsusi diqqət yetirilib:

“Cənab Prezidentin də qeyd etdiyi kimi, Azərbaycan öz gücü və daxili imkanları hesabına beynəlxalq hüququ və ədaləti bərpa edib. Bu, eyni zamanda, BMT-nin 1993-cü ildə qəbul etdiyi, lakin uzun müddət icra olunmayan qətnamələrinin həyata keçirilməsi deməkdir. Azərbaycan bir tərəfdən öz ərazi bütövlüyünü bərpa edib.
Digər tərəfdən isə uzun illər işğal altında qalmış torpaqlarında genişmiqyaslı bərpa və quruculuq işləri aparır. Bu gün Qarabağ və Şərqi Zəngəzur Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin inkişaf mərkəzlərindən birinə çevrilməkdədir”.
Millət vəkili qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə məskunlaşma və yenidənqurma işləri davam edir:
“Hazırda həmin ərazilərdə 100 minə yaxın vətəndaşımız yaşayır, işləyir və təhsil alır. Onların 40 mindən çoxu keçmiş məcburi köçkünlərdir və öz ata-baba yurdlarına daimi olaraq qayıdıblar.
Bu günədək dövlət büdcəsindən həmin ərazilərin bərpası və yenidən qurulması istiqamətində 26 milyard manata yaxın vəsait xərclənib. Yəni Azərbaycan öz gücü hesabına torpaqlarını işğaldan azad etməklə kifayətlənməyib, eyni zamanda, həmin ərazilərdə həyatın yenidən canlanması və davamlı inkişafın təmin olunması üçün mühüm addımlar atır”.
Sevinc


