ABŞ Prezidenti Donald Tramp daha bir diqqətçəkən bəyanat verib.
O, bu dəfə Venesuelanın ABŞ-nin 51-ci ştatı olmasını təklif edib. Tramp hətta adıçəkilən ölkədə prezident əvəzinə qubernator seçkilərinin keçirilməsini gündəmə gətirib. Təbii ki, onun bu sözləri birmənalı qarşılanmayıb.
Bəs Donald Trampın Venesuela ilə bağlı belə açıqlamasına səbəb nədir? Venesuelanın həqiqətən ABŞ-yə birləşmə ehtimalı varmı?
Mövzu ilə bağlı Hit.az-a açıqlama verən politoloq Anar İsayev bildirib ki, Trampın Venesuelanı ABŞ-nin 51-ci ştatına çevirmək ideyasının yaxın perspektivdə reallaşması ehtimalı olduqca aşağıdır:
“Bu təklif daha çox ABŞ-nin Venesuelaya münasibətdə siyasi ambisiyalarını, enerji maraqlarını və regional təsirini genişləndirmək istəyini ifadə edən siyasi mesaj kimi qiymətləndirilməlidir. Çünki belə bir təklif bir müddət əvvəl Kanadaya da olunmuşdu.
İlk növbədə, Venesuelanın ABŞ-yə ştat kimi daxil edilməsi təkcə Vaşinqtonun qərarı ilə mümkün deyil. Bunun üçün Venesuelanın suverenliyi, əhalinin iradəsi, konstitusion prosedurlar və ABŞ Konqresinin qərarı ilə bağlı mürəkkəb hüquqi-siyasi məsələlər həll edilməlidir. Venesuelanın dövlət başçısı əvəzinə ABŞ-nin təyin etdiyi və ya seçdiyi qubernatorla idarə olunması isə ölkənin müstəqilliyinin faktiki olaraq aradan qaldırılması demək olardı”.
Ekspert qeyd edib ki, Venesuela dünyanın ən böyük təsdiqlənmiş neft ehtiyatlarına malik ölkələrindən biridir:
“Bu səbəbdən ölkənin gələcək siyasi kursu, enerji resursları və Latın Amerikasındakı geosiyasi mövqeyi ABŞ üçün xüsusi əhəmiyyət daşıyır. Lakin iqtisadi və geosiyasi maraqların mövcudluğu ərazi ilhaqının real və ya asanlıqla həyata keçirilə bilən variant olması demək deyil.
Belə bir təşəbbüs Latın Amerikasında ciddi müqavimətlə qarşılaşar, ABŞ-nin regiondakı tərəfdaşları ilə münasibətlərini mürəkkəbləşdirər və beynəlxalq hüquq baxımından ciddi suallar doğurardı. Venesuela cəmiyyətinin milli suverenlik və müstəqilliklə bağlı mövqeyi də həlledici amillərdən biri olardı”.
Onun sözlərinə görə, burada əsas məsələ Trampın bu təklifi hansı məqsədlə səsləndirməsidir:
“Əgər məqsəd Venesuelaya siyasi təzyiq göstərmək, onun enerji siyasətinə təsir etmək və Vaşinqtonun regiondakı mövqelərini möhkəmləndirməkdirsə, bu istiqamətdə müəyyən addımlar atılması mümkündür.
Ancaq ölkənin rəsmən ABŞ-nin ştatına çevrilməsi tamamilə fərqli miqyasda hüquqi və siyasi proses tələb edir. Ona görə də yaxın perspektivdə Venesuelanın ABŞ-nin 51-ci ştatına çevrilməsi real siyasi ssenaridən daha çox, siyasi ritorika səviyyəsində görünür”.
Elmir Mustafa



