COVID-19-dan sonra uzunmüddətli simptomlarla üzləşən insanlarda yüksək arterial təzyiqin yaranma ehtimalı daha çox ola bilər. İsveçdə 1,2 milyondan çox yetkin şəxsin tibbi məlumatları əsasında aparılan araşdırma göstərib ki, post-COVID sindromu olan insanlarda hipertoniya riski digər iştirakçılarla müqayisədə 14 faiz yüksəkdir.
HİT.az xəbər verir ki, tədqiqatın nəticələri *Journal of the American Heart Association* (JAHA) jurnalında dərc olunub.
Araşdırmaya 18-65 yaş arası şəxslər daxil edilib. Onların sağlamlıq vəziyyəti 2020-ci ilin oktyabrından 2025-ci ilin yanvarınadək izlənilib. Tədqiqatçılar müşahidələrə başlamazdan əvvəl hipertoniya diaqnozu qoyulan şəxsləri, eləcə də COVID-19 səbəbindən xəstəxanaya yerləşdirilən pasiyentləri təhlildən kənarda saxlayıblar.
İştirakçılardan 8365 nəfərində post-COVID sindromu müəyyən edilib. Bu, ümumi qrupun təxminən 0,7 faizini təşkil edib. Müşahidə müddətində həmin şəxslərin 22-23 faizində yüksək arterial təzyiq yaranıb. Yaş, sosial-iqtisadi vəziyyət və digər xəstəliklər nəzərə alındıqdan sonra da post-COVID sindromu olanlarda hipertoniya ehtimalının 14 faiz yüksək olduğu müəyyən edilib.
Nəticələr həm kişilər, həm də qadınlar arasında oxşar əlaqənin olduğunu göstərib. Bununla belə, post-COVID sindromu olan kişilərin 24 faizinə hipertoniya diaqnozu qoyulub. Qadınlarda isə bu göstərici 16 faiz təşkil edib.
Əlaqə daha yaşlı iştirakçılar və diabet xəstələri arasında da daha nəzərəçarpan olub.
Alimlər ehtimal edirlər ki, COVID-19-dan sonra qan damarlarının fəaliyyətində qalan dəyişikliklər arterial təzyiqə təsir göstərə bilər. Lakin tədqiqat post-COVID sindromunun birbaşa hipertoniya yaratdığını sübut etmir. Nəticələr iki vəziyyət arasında əlaqə olduğunu göstərir, səbəb-nəticə münasibətini isə təsdiqləmir.
Samir


