İnsanların başqalarının uğursuzluqlarına, yöndəmsiz hərəkətlərinə və səhvlərinə gülməsi bəzən özlərini üstün hiss etmələri ilə bağlı olur. Psixoloqların fikrincə, bu cür reaksiyalar insanın empatiya səviyyəsi və başqalarının yaşadığı vəziyyətlərə münasibəti barədə də müəyyən təsəvvür yarada bilər.
HİT.az xəbər verir ki, bu barədə ailə psixoloqu, koqnitiv təhriflər üzrə mütəxəssis Mina Xaçatryan “RuNews24.ru” nəşrinə danışıb.
Mütəxəssisin sözlərinə görə, gülüşün insan sağlamlığına müsbət təsiri barədə çoxsaylı araşdırmalar mövcuddur. Gülmək stress hormonlarının səviyyəsinin azalmasına, gərginliyin aradan qalxmasına və qan dövranının yaxşılaşmasına kömək edə bilər. Bununla belə, bütün gülüş formalarının səbəbi eyni deyil.
Xaçatryan bildirib ki, insan başqasının yöndəmsiz vəziyyətə düşdüyünü görəndə şüursuz şəkildə özünü həmin şəxslə müqayisə edə bilər. Bu zaman özünü daha üstün hiss etmək və xoşagəlməz hadisənin öz başına gəlmədiyinə sevinmək kimi reaksiyalar yaranır. Psixoloq bu davranışı üstünlük nəzəriyyəsi ilə əlaqələndirib.
Onun fikrincə, başqalarının səhvlərinə münasibətdə empatiya da mühüm rol oynayır. Ətrafındakı insanların hisslərini anlamaq və onların vəziyyətini öz üzərində təsəvvür etmək bacarığı yüksək olan şəxslər başqalarının uğursuzluqlarına daha az gülməyə meyilli ola bilərlər.
Psixoloq qeyd edib ki, insanın belə vəziyyətlərdə necə davranması onun başqalarına qarşı həssaslığını qiymətləndirmək baxımından müəyyən ipucları verə bilər. Bu xüsusiyyətlər, xüsusilə insanlarla işləməyi və yüksək empatiya tələb edən peşələri seçərkən əhəmiyyət daşıya bilər.
Samir


