Çində süni intellekt vasitəsilə yaradılan yeniyetmə obrazları sosial şəbəkələrdə yaşlı insanları aldatmaq üçün istifadə olunur. “Syaohay” adlandırılan bu rəqəmsal personajlar saxta, ürəkdağlayan hekayələr danışaraq izləyiciləri onlara pul göndərməyə və ya müxtəlif məhsullar almağa sövq edir.
HİT.az xəbər verir ki, “South China Morning Post” nəşrinin məlumatına görə, bu avatarlar əsasən məktəbli geyimində və ya ağ köynəkdə görünən oğlan uşaqlarıdır. Onlar videolarda göz yaşları içində yoxsulluqdan, aclıqdan və çətin həyat şəraitindən danışırlar.
Videolardan birində personaj əlində buxarda bişirilmiş çörək tutaraq sinif yoldaşlarının nahara getdiyini, özünün isə yeməyə heç nə tapmadığını söyləyir. Digər videoda isə guya təhsil haqqını ödəyə bilmədiyi üçün yağış altında cəzalandırıldığını iddia edir.
Saxta obrazlar həmçinin bioloji aktiv əlavələri və ev əşyalarını reklam edirlər. Onlar bu məhsulları satmaq üçün təkbaşına övlad böyüdən atalarına kömək etməli olduqlarını söyləyirlər. Məhsulların qiymətlərinin isə real dəyərindən xeyli yüksək olduğu bildirilir.
Dələduzların əsas hədəfi yaşlı insanlardır. Sosial şəbəkələrdə şərh yazan bəzi izləyicilər saxta uşaqlara ana qayğısı ilə yanaşır, onların hekayələrinə inanırlar. Bu yaxınlarda polis 79 yaşlı qadını qatarla “Syaohay”la görüşə gedərkən saxlayıb. Qadını qarşısındakı obrazın real insan olmadığına inandıraraq evə qaytarıblar.
Hüquqşünaslar satış məqsədilə uydurma hekayələrdən istifadə edilməsinin dələduzluq kimi qiymətləndirilə biləcəyini bildirirlər. Pekin Universitetinin professoru Ma Lyan isə problemin daha dərin səbəblərinə diqqət çəkib. Onun sözlərinə görə, bir çox yaşlı insan tənhalıqdan əziyyət çəkir və internet üzərindən alış-veriş etməklə emosional boşluğu doldurmağa çalışır.
Samir


