Sülh müqaviləsi: Nə zaman İMZALANACAQ?

SİYASƏT
13:57 / 13.11.2026
153

“Azərbaycanın Cənubi Qafqazda sülh naminə Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində müəyyən irəliləyişlər əldə olunsa da, gözlənilən sülh müqaviləsinin rəsmən imzalanması rəsmiİrəvana görə hələ də reallaşmayıb”.

Bu sözləri Azad Vətən Partiyasının Siyasi Şurasının sədri, siyasi şərhçi Novruz Novruzov Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, tərəflər arasında razılaşdırılmış sənəd mövcuddur, onun mətni paraflanıb, amma yekun imza üçün siyasi və hüquqi maneələr qalmaqdadır:


“2025-ci il avqustun 8-də Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın iştirakı ilə keçirilən mühüm görüşdə  tərəflərin xarici işlər nazirləri sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında sazişin mətnini paraflayıblar. Eyni zamanda, üçtərəfli Birgə Bəyannamə imzalanıb. Bu hadisə regionda yeni siyasi mərhələnin başlanğıcı sayılırdı. Lakin bir ildən artıq vaxt keçməsinə baxmayaraq, sülh sazişi hələ də rəsmən imzalanmayıb”.

Ekspert sülh müqaviləsinin qarşısında hansı maneələrin olduğundan da danışıb:
“Əsas mübahisə Ermənistanın Konstitusiyası ətrafında cəmləşib. Ermənistan Konstitusiyasının preambulasında Müstəqillik Bəyannaməsinə istinad mövcuddur və həmin sənəddə Qarabağla bağlı ərazi iddialarına əsas verə biləcək müddəalar yer alır. Belə bir konstitusion istinadın mövcudluğu iki dövlət arasında gələcək münasibətlərin hüquqi əsasları baxımından aradan qaldırılmalıdır. Azərbaycan tərəfi sülh sazişinin yekun imzalanmasını Ermənistanın Konstitusiyasında müvafiq dəyişikliklərin edilməsi ilə əlaqələndirir. 

Ermənistan hakimiyyəti isə fərqli mövqedədir. Paşinyan hökuməti ölkənin Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının olmadığını bildirir və bu məsələni Ermənistanın daxili siyasi-hüquqi müstəvisinə aid edir. Beləliklə, tərəflər arasında əsas fikir ayrılığı sülh sazişinin mətnindən daha çox, onun imzalanmasına qədər hansı hüquqi və siyasi addımların atılmalı olması ilə bağlıdır”.

Lakin həmsöhbətimiz diqqətə çatdırıb ki, Ermənistanın Baş naziri Nikol Paşinyan son aylarda yeni Konstitusiya hazırlanması məsələsini daha fəal şəkildə gündəmə gətirir:
“O açıqlamalarında bildirir ki, hökumət mövcud Konstitusiyanın yenilənməsini ölkənin gələcək siyasi və dövlətçilik modeli ilə əlaqələndirir. 2026-cı il noyabrın 2-də Paşinyan Ermənistan parlamentində çıxışı zamanı yeni Konstitusiya layihəsinin noyabr ayında ictimaiyyətə təqdim ediləcəyini bildirib. Onun sözlərinə görə, layihə dərc olunduqdan sonra ictimai müzakirələr keçiriləcək, vətəndaşların təklifləri nəzərə alınacaq və yalnız bundan sonra növbəti mərhələyə keçiləcək. 

Baş nazir sülh müqaviləsinin imzalanması və ratifikasiyasını hökumətin qarşıdakı dövr üçün əsas prioritetlərindən biri kimi göstərib. Məsələnin ən diqqətçəkən tərəflərindən biri Paşinyanın sülh müqaviləsinin imzalanma vaxtı ilə bağlı açıqlamasıdır. Biz ötənilki çıxışlarımızda müqavilənin imzalanmasının gələn ildə baş tuta biləcəyi barədə mülahizə irəli sürmüşdük. Oktyabrda jurnalistlərin suallarını cavablandıran Ermənistanın Baş naziri Azərbaycanla paraflanmış sülh sazişinin 2027-2028-ci illərdə imzalana biləcəyini bildirib”.

N. Novruzov hesab edir ki, bu açıqlama Ermənistan rəhbərliyinin prosesin yaxın zamanda yekunlaşacağına dair konkret tarix vəd etmədiyini göstərir:
“Bu da ondan irəli gəlir ki, problemin həlli sürüşkəndir və bu haqda birmənalı danışmaq tezdir. Çünki Ermənistanda daxili siyasi vəziyyət olduqca gərgindir. Digər tərəfdən, Rusiya Cənubi Qafqazdakı bu siyasi və hərbi platformasını itirməmək üçün Ermənistandakı tərəfdarlarını, başqa sözlə, müxalifəti qızışdırır. Çünki Cənubi Qafqazda sülh Kremlə sərf etmir. Axı, “bulanıq suda balıq tutmaq daha asandır”. 

Deməli, sülh müqaviləsinin imzalanması Ermənistanın daxili siyasi vəziyyətindən asılı duruma düşüb. Müxalifətin isə sülhə qarşı çıxmaqdan savayı bir yolu yoxdur. Ona görə ki, onun üzvlərinin böyük əksəriyyəti Azərbaycana qarşı törədilən cinayətlərin iştirakçılarıdır. Yəni, sülh müqaviləsi imzalanan andan müxalifətin kitabı birdəfəlik bağlanmış olacaq”.

Müsahibimizin sözlərinə görə, Cənubi Qafqazın dinc gələcəyi Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin yalnız imzalanmasından deyil, həm də həmin sənədin müddəalarının necə yerinə yetirilməsindən asılı olacaq:
“Çünki sülhün əsl dəyəri onun kağız üzərində təsdiqlənməsində yox, dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və qarşılıqlı öhdəliklərinə əməl edilməsində özünü göstərir. 
Baş verən proseslərə görə, biz əvvəlki fikrimizdə qalır və müqavilənin ən geci 2028-ci ildə imzalanacağını söyləyə bilərik, hətta gələn ildə bu hadisə baş verə bilər. Nikol Paşinyanın partiyası builki bələdiyyə seçkilərində qalib gəlib və tərəfdarlarının sayını çoxaldıb. Bu səbəbdən gözlənilir ki, onun konstitusiya islahatı da baş tutacaq”.

Elmir Mustafa

0