İnsanların bioloji yaşını həqiqətən nə dəyişir? – Alimlər araşdırdı

SAĞLAMLIQ
11:30 / 16.11.2026
23

Dərman preparatları və həyat tərzində edilən dəyişikliklər insanın bioloji yaşını əks etdirən göstəricilərə təsir edə bilər. Lakin bu dəyişikliklərin nəticəsi yaşlanmanı ölçmək üçün istifadə olunan metoddan asılıdır.

HİT.az xəbər verir ki, Yel Universitetinin alimləri müxtəlif tibbi və davranış müdaxilələrinin epigenetik yaşlanma göstəricilərinə təsirini araşdırıblar. Tədqiqatın nəticələri “Nature Medicine” jurnalında dərc olunub.

Epigenetik saatlar DNT üzərindəki kimyəvi işarələri təhlil etməklə orqanizmdə yaşla əlaqəli dəyişiklikləri qiymətləndirir. Bu işarələr DNT-nin öz ardıcıllığını dəyişdirmədən genlərin fəaliyyətinə təsir göstərir. Müxtəlif epigenetik saatlar isə təqvim yaşını, ölüm riskini və ya yaşlanma sürətini proqnozlaşdırmaq üçün hazırlanıb.

Tədqiqatçılar 51 elmi araşdırmanın nəticələrini birləşdirərək “TranslAGE” adlı məlumat bazası yaradıblar. Hər bir araşdırmanın göstəriciləri vahid metodla təhlil edilib, 16 epigenetik saat və DNT metilləşməsi ilə əlaqəli daha 94 parametr müqayisə olunub.

Nəticələr göstərib ki, ölüm riski və yaşlanma sürətini qiymətləndirməyə yönəlmiş epigenetik saatlar müxtəlif müdaxilələrə daha həssas reaksiya verir. Bəzi dərman müalicələri, eləcə də düzgün qidalanma ilə fiziki aktivliyin birlikdə tətbiqi zamanı bu göstəricilərdə nəzərəçarpan dəyişikliklər müşahidə edilib.

Araşdırmada metformin, semaqlutid və iltihab prosesində iştirak edən TNF zülalını bloklayan preparatlar da nəzərdən keçirilib. Bununla belə, nəticələr iştirakçıların sağlamlıq vəziyyətindən və tədqiqatın müddətindən də asılı olub.

Alimlər hesab edirlər ki, əldə olunan məlumatlar gələcək klinik sınaqlarda yaşlanmanı qiymətləndirmək üçün daha uyğun göstəricilərin seçilməsinə kömək edə bilər.

Lakin tədqiqatın əsas sualı hələ də açıq qalır: bioloji yaş göstəricilərindəki dəyişikliklər həqiqətən uzunmüddətli sağlamlığın yaxşılaşmasını əks etdirir, yoxsa yalnız laboratoriya nəticələrinin dəyişməsidir? Müəlliflər vurğulayırlar ki, bioloji yaşın azalması kimi görünən nəticəni avtomatik olaraq insanın daha uzun və sağlam yaşayacağının sübutu hesab etmək olmaz.

Samir
 

0