Son günlərdə dünya bir görüşü maraqla gözləyir.
Söhbət ABŞ Prezidenti Donald Tramp, Rusiya Prezidenti Vladimir Putin və Çin lideri Si Cinpinin görüşündən gedir. Bu, onlar arasında ilk belə görüş kimi də tarixə düşəcək. Hər kəs o toplantıda nələrin müzakirə ediləcəyi və hansı qərarların veriləcəyini gözləyir. Hətta bir çox ekspert bu görüşü yeni dünya nizami və ya nüvə silahlarının məhdudlaşdırılması ilə əlaqələndirir.
Maraqlıdır, ABŞ, Rusiya və Çin liderlərinin görüşündən əsas gözləntilər nələrdir?
Azərbaycan Ümid Partiyasının İdarə Heyətinin üzvü, siyasi şərhçi Tamilla Qulami Hit.az-a açıqlamasında bildirib ki, ABŞ, Rusiya və Çin liderlərinin ilk dəfə üçtərəfli formatda bir araya gələcəyi müasir beynəlxalq müzakirədə əhəmiyyət daşıyan mövzulardandır:

“Bununla belə, ABŞ, Rusiya və Çin liderlərinin bir masa arxasında əyləşməsi Amerikanın qlobal gücünü itirməsi deyil. Əksinə, Vaşinqtonun dünya siyasətinin əsas oyunçularını özünün müəyyən etdiyi strateji müzakirə müstəvisinə cəlb etmək imkanını nümayiş etdirir. Noyabrın 17-19-u arasında Çinin Şençjen şəhərində keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) 2026-cı il sammiti çərçivəsində baş tutması gözlənilən bu görüşün əhəmiyyəti təkcə üç böyük dövlətin dialoqu ilə məhdudlaşmır. Əslində, burada söhbət dünya nizamının gələcək konturlarının, qlobal təhlükəsizlik arxitekturasının və güc balansının müzakirəsindən gedir.
Hesab edirəm ki, bu görüşdə əsas siyasi təşəbbüs və strateji üstünlük ABŞ-nin əlində olacaq. Vaşinqton özünün qlobal liderlik mövqeyini qorumaqla yanaşı, rəqib güclərin davranışlarına təsir göstərmək, onların imkanlarını və siyasi niyyətlərini birbaşa müzakirə masasında qiymətləndirmək istəyir. Donald Tramp üçün əsas məsələlərdən biri nüvə silahlarının yayılmasının qarşısının alınması, Rusiya və Çinlə strateji silahlanma sahəsində müəyyən razılaşma mexanizmlərinin yaradılmasıdır”.
Ekspertin sözlərinə görə, xüsusilə də Çinin sürətlə artan hərbi-nüvə potensialı ABŞ üçün uzunmüddətli strateji çağırışdır:
“Bir yandan isə Vladimir Putin də öz xeyrini götürməyə çalışacaq. Belə ki, o, bu görüşdən Rusiyanın beynəlxalq təcriddən çıxması və yenidən qlobal güc mərkəzi kimi qəbul edilməsi üçün istifadə etməyə çalışacaq. Çin lideri Si Cinpin də Pekinin dünya siyasətində vasitəçi və qlobal qərarların formalaşmasında iştirak edən əsas aktor olduğunu nümayiş etdirmək niyyətindədir.
Lakin burada mühüm bir məqam da var ki, ABŞ-nin Rusiya və Çinlə eyni masada əyləşməsi onların mövqelərinin bərabərləşməsi demək deyil. Vaşinqtonun iqtisadi, hərbi, texnoloji və maliyyə imkanları hələ də beynəlxalq sistemdə xüsusi üstünlük yaradır. ABŞ-nin əsas məqsədi rəqibləri ilə qarşıdurmanı idarə etmək, mümkün təhlükələri məhdudlaşdırmaq və öz strateji maraqlarını qorumaqdır”.
Həmsöhbətimiz qeyd edib ki, bu görüşdə həmçinin Ukrayna müharibəsi, Yaxın Şərqdəki vəziyyət, İran, beynəlxalq ticarət və texnoloji rəqabət də söz mövzusu olacaq:
“Lakin bütün bunlara rəğmən ciddi razılaşmaların əldə olunacağını indidən gözləməyi doğru hesab etmirəm. Çünki kimsəyə sirr deyil ki, bir çox mövzuda Vaşinqton, Moskva və Pekinin maraqları kəskin şəkildə toqquşur. Yenə də bütün hallarda bu görüşü Amerikanın zəifləməsi kimi deyil, qlobal güc siyasətində öz liderliyini qorumaq və yeni şərtlərə uyğunlaşdırmaq cəhdi kimi dəyərləndirirəm.
Vaşinqton yenə də qlobal liderliyi, xüsusilə də dünyanın enerji resursları olan bütün bölgələrdə nəzarəti öz əlinə götürməkdə iddialıdır. Bu gün dünyada əsas məsələ kimin daha çox siyasi bəyanat verməsi deyil, kimin beynəlxalq proseslərə real təsir göstərmək imkanına malik olmasıdır. Hələlik bu imkanların ən geniş spektri məhz ABŞ-nin əlindədir”.
T. Qulami hesab edir ki, bu görüşün önəmli və mühüm tərəflərindən biri də nəticədən asılı olmayaraq, Putinin beynəlxalq legitimlik görüntüsü əldə etməyə, Si Cinpinin isə Çinin diplomatik çəkisini artırmağa çalışması olacaq:
“Tramp da bu məqamda hər iki liderlə dialoqu Amerikanın strateji maraqları naminə istifadə etmək istəyir. Görüşün real nəticəsini də məhz bu üç fərqli məqsədin nə dərəcədə uzlaşdırıla bilməsi müəyyən edəcək. Bütün hallarda bu görüşdən dünya üçün hər hansısa bir müsbət nəticə gözləmirəm. Qeyd etdiyim kimi hər üç ölkə əlbəttə ki, öz maraqlarını güdür və bu istiqamətdə də addımlayacaqlar”.
Elmir Mustafa


