Pakistan İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Qasım Mohiuddin Naxçıvan Muxtar Respublikasına səfər edib.
Hit.az xəbər verir ki, səfri səfər çərçivəsində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov ilə görüşüb.
Görüşdə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan-Pakistan münasibətlərinin dostluq, qardaşlıq və qarşılıqlı etimad prinsipləri əsasında uğurla inkişaf etdiyi bildirilib, əlaqələrin daha da genişləndirilməsinin əhəmiyyəti vurğulanıb. Müzakirələr zamanı Azərbaycan ilə Ermənistan arasında sülh gündəliyi çərçivəsində əldə olunan razılaşmalardan məmnunluq ifadə olunub.
Naxçıvanın Orta Dəhliz üzrə kommunikasiyaların inkişafında mühüm strateji mövqeyi, regionun iqtisadi potensialı, bərpaolunan enerji imkanları, sahibkarlara tətbiq edilən güzəştlər, eləcə də gələcəkdə azad iqtisadi zonaya çevrilməsi istiqamətində görülən işlər diqqətə çatdırılıb.
Həmçinin, görüş zamanı Lahor və Naxçıvan şəhərləri arasında qardaşlaşma proqramı çərçivəsində əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə edilib.
Bundan əvvəl səfir Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək xatirəsinə ehtiramını bildirib. O, həmçinin böyük dövlət xadiminin həyat və irsini əks etdirən Heydər Əliyev Muzeyi ilə tanış olub. Səfir eyni zamanda Duzdağ Fizioterapiya Mərkəzini və Naxçıvan Regional Fiziki Məhdudiyyətli Şəxslər üçün İnformasiya Mərkəzini ziyarət edib. O, həkimlərin və terapevtlərin fədakarlığına dərin heyranlığını ifadə edib, bu müəssisələrdə müalicə alan pasiyentlərin əzmkarlığını və iradəsini yüksək qiymətləndirib.








