XVI əsrdə hazırlanmış, qeyri-adi təbiət hadisələri və fəlakətləri əks etdirən nadir “Möcüzələr kitabı” Londonda hərraca çıxarılacaq. 167 illüstrasiyanın yer aldığı əlyazmada nəhəng dolu, çəyirtkə hücumları, qeyri-adi səma hadisələri və insanların dünyanın sonunun yaxınlaşması kimi qəbul etdiyi digər təbiət hadisələri təsvir olunub.
HİT.az xəbər verir ki, bu barədə “The Guardian” nəşri məlumat yayıb.
Hərrac dekabrın 10-da “Christie's” auksion evində keçiriləcək. Əlyazmanın ilkin dəyəri 700 min – 1 milyon funt sterlinq (təxminən 1,4-2 milyon manat) arasında qiymətləndirilir.
Kitabdakı təsvirlər arasında 1551-ci ildə Leypsiq şəhərinin səmasında görünən beş günəş, 1456-cı ildə Roma üzərinə yağan qanlı yağış və 1552-ci ildə Niderlandın Dordrext şəhərini vuran nəhəng dolu da var. Sonuncu hadisə zamanı baş verən güclü fırtına yerli sakinlərdə dünyanın sonunun çatdığı qorxusunu yaradıb.
Əlyazma XVI əsrin 50-ci illərində Almaniyanın Auqsburq şəhərində hazırlanıb. Təxminən beş əsr ərzində onun mövcudluğundan elm dünyasının xəbəri olmayıb. Təxminən 20 il əvvəl Almaniyanın cənubundakı kiçik barokko üslublu qəsrin kitabxanasında aşkarlanan kitab 2008-ci ildə hərraca çıxarılaraq 100 min funt sterlinqdən bir qədər baha qiymətə satılıb. Daha sonra ABŞ-ın Konnektikut ştatında yaşayan kolleksiyaçı Mikki Kartinin şəxsi kolleksiyasına daxil olub.
“Christie's”in orta əsr və İntibah dövrü əlyazmaları üzrə mütəxəssisi Yevgenio Donadoni kitabı son dərəcə nadir alman möcüzələr toplusu adlandırıb. Onun sözlərinə görə, bu cür nəşrlər XVI əsrdə müasir media vasitələrinin rolunu oynayır, qeyri-adi hadisələr barədə məlumatları geniş auditoriyaya çatdırırdı.
Donadoni bildirib ki, həmin dövrdə Martin Lüter və Filip Melanxton kimi protestant ilahiyyatçıları bu təsvirlərdən dini baxışlarını yaymaq üçün istifadə edirdilər. Bununla yanaşı, kometalar, kosmik hadisələr və təbii fəlakətlərin dəqiq tarix və coğrafi məlumatlarla sənədləşdirilməsi elmi müşahidələrin ilkin əsaslarının formalaşmasına töhfə verib.
Mütəxəssis bəzi illüstrasiyaların akvarel və quaş texnikası ilə çəkildiyini, onların hətta müasir sürrealist əsərləri xatırlatdığını vurğulayıb.
Kitabdakı bəzi hadisələrin elmi izahı da var. Məsələn, Leypsiq üzərində beş günəşin görünməsi atmosferdə işığın sınması nəticəsində yaranan və “yalançı günəş” adlandırılan parhelion hadisəsi ola bilər. Qanlı yağış isə havadakı qırmızı toz hissəciklərinin, əsasən də Sahara səhrasından gələn tozun yağış damcıları ilə qarışması nəticəsində yaranır.
Əlyazmanın hərracdan əvvəl altı gün ərzində ictimaiyyətə nümayiş etdirilməsi də nəzərdə tutulur. Aachen şəhərindəki Züermondt-Lüdviq Muzeyinin direktoru Til-Holger Borxert isə kitabın 1 milyon funt sterlinq dəyərində qiymətləndirilməsini təvazökar hesab edir və yekun satış qiymətinin daha yüksək ola biləcəyini düşünür.
Samir


