Azərbaycanda 2026-cı ilin ilk 9 ayında baş verən yol-nəqliyyat hadisələrinin sayı azalsa da, qəzalar nəticəsində 500 nəfər həyatını itirib. Statistikaya əsasən, yol qəzalarının böyük hissəsi yaşayış məntəqələrində qeydə alınıb.
HİT.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin 2026-cı ilin yanvar-sentyabr ayları üzrə açıqladığı məlumatda bildirilib.
Hesabat dövründə ölkənin avtomobil yollarında ümumilikdə 838 yol-nəqliyyat hadisəsi baş verib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,4 faiz azdır.
Qəzalar nəticəsində 1 140 nəfər zərər çəkib. Onlardan 500-ü ölüb, 640-ı isə müxtəlif dərəcəli xəsarətlər alıb. Zərərçəkənlərin ümumi sayı ötən ilin müvafiq dövrünə nisbətən 9,8 faiz azalıb.
Diqqətçəkən məqamlardan biri qəzaların başvermə vaxtı ilə bağlıdır. Hadisələrin 41,8 faizi gecə, 40,4 faizi gündüz, 17,8 faizi isə toran vaxtı qeydə alınıb. Yol qəzalarının 34 faizi şənbə və bazar günlərinə təsadüf edib.
Statistika göstərir ki, qəzaların əsas hissəsi yaşayış məntəqələrində baş verib. Belə ki, qeydə alınan hadisələrin 82,9 faizi şəhər və kəndlərdə olub. Bu qəzalar nəticəsində 345 nəfər həyatını itirib, 591 nəfər yaralanıb. Ötən ilin eyni dövrü ilə müqayisədə yaşayış məntəqələrində ölənlərin sayı 2,3 faiz, yaralananların sayı isə 16,5 faiz azalıb.
Qəzaların iştirakçılarına görə bölgüsündə isə nəqliyyat vasitəsi ilə piyadanın toqquşması və ya onların iştirakı ilə baş verən hadisələr üstünlük təşkil edib. Bütün qəzaların 42,2 faizi bu kateqoriyaya aid olub. Bir neçə avtomobilin iştirakı ilə baş verən hadisələr 37,1 faiz, yalnız bir nəqliyyat vasitəsinin iştirak etdiyi qəzalar isə 20,7 faiz təşkil edib.
Ölən və yaralananların cins bölgüsündə də kişilər üstünlük təşkil edib. Yol qəzalarında həyatını itirənlərin 76,8 faizi, xəsarət alanların isə 72,2 faizi kişilər olub.


