17 Noyabr – “Müstəqillik uğrunda mübarizənin geniş vüsət aldığı tarixi gündür”

ÖLKƏ
13:20 / 17.11.2026
97

“17 Noyabr – Milli Dirçəliş Günü Azərbaycan xalqının tarixində milli özünüdərkin güclənməsi, azadlıq və müstəqillik uğrunda mübarizənin geniş vüsət alması ilə əlamətdar olan mühüm tarixi gündür”.

Bu sözləri Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri, Milli Məclisin deputatı Arzuxan Əlizadə Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, 1988-ci il noyabrın 17-də Bakının Azadlıq meydanında başlayan və günlərlə davam edən kütləvi xalq hərəkatı cəmiyyətin milli birliyini, azadlıq istəyini və öz müqəddəratını müəyyən etmək əzmini nümayiş etdirdi: 


“Bu hadisələr Azərbaycanın müstəqilliyə aparan yolunda mühüm mərhələlərdən birinə çevrildi. Milli Dirçəliş Gününün əsas mahiyyəti ondan ibarətdir ki, həmin dövrdə xalqımız öz milli maraqları ətrafında birləşərək tarixi iradəsini ortaya qoydu. Meydana toplaşan insanların tələbləri yalnız mövcud problemlərə etirazla məhdudlaşmırdı. Bu, eyni zamanda milli hüquqların qorunması, ərazi bütövlüyü, azadlıq və müstəqil dövlət qurmaq istəyinin ifadəsi idi”.

Millət vəkili qeyd edib ki, həmin hadisələr xalqın siyasi fəallığının artmasına, milli həmrəyliyin möhkəmlənməsinə və müstəqillik ideyasının daha geniş yayılmasına ciddi təsir göstərdi:
“Bu baxımdan, 17 Noyabr hadisələrini yalnız keçmişin tarixi faktı kimi qiymətləndirmək düzgün olmaz. Həmin günlərdə formalaşan milli birlik və azadlıq düşüncəsi sonrakı siyasi proseslərə, Azərbaycanın dövlət müstəqilliyinin bərpasına gedən yola öz təsirini göstərdi.

1990-cı il noyabrın 17-də isə Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə Naxçıvan Ali Məclisinin keçirilən sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının dövlət bayrağı kimi qəbul edilməsi milli dövlətçilik ənənələrinin bərpası baxımından xüsusi əhəmiyyət daşıdı”.

A. Əlizadə diqqətə çatdırıb ki, bu gün müstəqil, suveren və ərazi bütövlüyünü təmin etmiş Azərbaycan dövlətinin mövcudluğu həmin tarixi mübarizənin hansı böyük məqsədə xidmət etdiyini bir daha göstərir:
“Milli Dirçəliş Günü bizə xatırladır ki, xalqın birliyi, milli iradəsi və dövlətçilik düşüncəsi hər bir ölkənin gələcəyini müəyyən edən əsas amillərdəndir. Bu tarixi günü qeyd edərkən azadlıq mübarizəsinin iştirakçılarının fədakarlığını unutmamalı, müstəqilliyimizi qorumağı və gələcək nəsillərə ötürməyi hər birimizin vətəndaşlıq məsuliyyəti hesab etməliyik”.

Elmir Mustafa

0