2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycana smartfonlar və digər üç telefon kateqoriyası üzrə ümumilikdə 880 128 ədəd telefon idxal edilib. Onların ümumi statistik dəyəri 366 milyon 82 min 80 ABŞ dolları təşkil edib.
Oxu.Az rəsmi statistikaya istinadən xəbər verir ki, idxalın əsas hissəsi smartfonların payına düşüb.
Hesabat dövründə ölkəyə 363.5 milyon dollar dəyərində 814 min smartfon gətirilib. Hesablamaya əsasən, bir smartfonun orta statistik idxal dəyəri 446.6 dollar olub.
Smartfonların əsas tədarükçüsü Çin olub. Bu ölkədən Azərbaycana 275.2 milyon dollar dəyərində 603 712 smartfon gətirilib. Vyetnamdan 73.1 milyon dollarlıq 188 684, Hindistandan isə 14.8 milyon dollarlıq 21 048 smartfon idxal edilib. Çin və Vyetnam birlikdə smartfon idxalının sayca 97.3 faizini təmin edib.
Digər mənbələr üzrə Tailanddan 199, İndoneziyadan 175, Çexiyadan 50, ABŞ-dən 44, Yaponiyadan 42, Cənubi Koreyadan 33, Niderlanddan 10 smartfon gətirilib. Birləşmiş Ərəb Əmirlikləri və Almaniyanın hər birindən iki, Tayvandan isə bir smartfon idxal olunub.
Eyni dövrdə Azərbaycandan 29 min 250 dollar dəyərində 77 smartfon ixrac edilib. Onların 76-sı Gürcüstana, biri isə Macarıstana göndərilib. Gürcüstan üzrə ixrac dəyəri 29 110 dollar, Macarıstan üzrə isə 140 dollar olub.
Smartfonlardan əlavə, mobil və ya digər naqilsiz rabitə şəbəkələri üçün 28 min 174 ədəd digər telefon aparatı idxal edilib. Bu cihazların ümumi dəyəri 1 milyon 48 min 990 dollar təşkil edib.
Həmin kateqoriya üzrə telefonların 28 min 81-i Çindən, 80-i Vyetnamdan, 8-i Birləşmiş Ərəb Əmirliklərindən, üçü Rusiyadan, ikisi Cənubi Koreyadan gətirilib. Bu kateqoriya üzrə ixrac qeydə alınmayıb.
Naqilsiz dəstəyi olan naqilli rabitə üçün telefon aparatlarının idxalı isə 12 min 376 ədəd və 389 880 dollar olub.
Bu kateqoriya üzrə Çindən 9 562, Malayziyadan 1 764, Vyetnamdan 909, Almaniyadan 123, Niderlanddan 10, Polşadan dörd, Danimarka və Macarıstanın hər birindən iki telefon gətirilib. Həmin cihazların da ixracı qeydə alınmayıb.
"Digər telefon aparatları" kimi göstərilən kateqoriya üzrə Azərbaycana 1 milyon 99 min 610 dollar dəyərində 25 min 576 cihaz idxal edilib.
Onların 24 min 518-i Çindən, 901-i Vyetnamdan, 61-i Polşadan, 38-i Almaniyadan, 20-si ABŞ-dən, 16-sı Norveçdən, 12-si Fransadan gətirilib. Finlandiyadan dörd, Böyük Britaniyadan üç, Malayziya, Tayvan və Danimarkanın hər birindən isə bir telefon idxal olunub.
Bu kateqoriya üzrə 23 min 840 dollar dəyərində 73 telefon ixrac edilib. İxracın ölkələr üzrə bölgüsündə Macarıstan 57 cihaz və 12 min 860 dollarla birinci olub. Çinə 7 180 dollar dəyərində 12 telefon, Gürcüstana 3450 dollar dəyərində üç telefon, Polşaya isə 350 dollar dəyərində bir telefon göndərilib.
Qeyd olunan dörd kateqoriya üzrə ümumi telefon ixracı 150 ədəd və 53 min 90 dollar təşkil edib.


