Xroniki tənhalıq demensiya riskini 40 faiz artırır – ARAŞDIRMA

SAĞLAMLIQ
22:17 / 19.11.2026
39

Uzun müddət davam edən tənhalıq demensiya riskini əhəmiyyətli dərəcədə artıra bilər. Lakin ara-sıra özünü tənha hiss etmək eyni təhlükəni yaratmır. Yeni araşdırma göstərib ki, əsas risk tənhalığın davamlı xarakter alması ilə bağlıdır.

HİT.az xəbər verir ki, bu barədə “The Independent” nəşri “Aging & Mental Health” jurnalında dərc olunan araşdırmaya istinadən məlumat yayıb.

Tədqiqat çərçivəsində yaşı 65-dən yuxarı olan 3777 nəfərin məlumatları araşdırılıb. İştirakçılar tənhalıq hissinin tezliyinə görə üç qrupa bölünüblər: heç vaxt tənhalıq hiss etməyənlər, bunu ara-sıra yaşayanlar və davamlı olaraq özünü tənha hiss edənlər. Alimlər onların sağlamlıq vəziyyətini 20 il ərzində izləyiblər.

Nəticələr göstərib ki, heç vaxt tənhalıq hiss etməyənlər arasında demensiya halları 33,1 faiz təşkil edib. Xroniki tənhalıq yaşayanlarda isə bu göstərici 49,1 faizə yüksəlib. Müqayisə zamanı davamlı tənhalıq hiss edən şəxslərdə demensiya riskinin digər qrupla müqayisədə təxminən 40 faiz daha yüksək olduğu müəyyən edilib.

Bununla yanaşı, ara-sıra tənhalıq hiss etməklə demensiya riskinin artması arasında statistik baxımdan əhəmiyyətli əlaqə aşkarlanmayıb.

Araşdırmanın müəlliflərindən, Fransanın Bordo Əhali Sağlamlığı Mərkəzinin əməkdaşı Karin Peres bildirib ki, tənhalığın bütün formalarını eyni təhlükə səviyyəsində qiymətləndirmək düzgün deyil. Onun sözlərinə görə, insanların əksəriyyəti həyatının müəyyən dövründə tənhalıq yaşayır, lakin bu hiss uzun müddət davam etdikdə sağlamlıq üçün ciddi riskə çevrilə bilər.

Tənhalıq beyinə necə təsir edir?

Alimlər xroniki tənhalığın orqanizmdə uzunmüddətli iltihabi proseslərə səbəb ola biləcəyini düşünürlər. Bunun əsas səbəblərindən biri davamlı stress və immun sisteminin reaksiyasıdır.

Bundan başqa, tənhalıq fiziki aktivliyin azalması və qeyri-sağlam qidalanma ilə də əlaqələndirilir. Bu amillər ürək-damar xəstəlikləri və diabet riskini artırır. Hər iki xəstəlik isə demensiyanın yaranmasına təsir göstərən amillər sırasındadır.

Sosial ünsiyyətin azalması da beynin zehni fəaliyyətini stimullaşdıran gündəlik təcrübələri məhdudlaşdırır. Nəticədə uzunmüddətli sosial stress orqanizmdə bioloji yüklənməni artıra bilər.

Tədqiqatın diqqətçəkən nəticələrindən biri də xroniki tənhalığın yalnız tək yaşayan insanlara xas olmamasıdır. Belə ki, davamlı tənhalıq hiss edən iştirakçıların təxminən 30 faizi partnyoru və ya ailə üzvləri ilə birlikdə yaşayırmış.

Araşdırmanın aparıcı müəllifi İvanna Saymon hesab edir ki, bu vəziyyət ailədaxili münasibətlərin qeyri-qənaətbəxş olması, başqalarına qulluq yükü və mənalı sosial fəaliyyətlərin çatışmazlığı ilə bağlı ola bilər.

Alimlər vurğulayırlar ki, tənhalıq riskini qiymətləndirərkən insanın kiminlə yaşamasından əlavə, onun özünü nə dərəcədə sosial əlaqələrin bir hissəsi hesab etməsi də nəzərə alınmalıdır. Onların fikrincə, xroniki tənhalığın aradan qaldırılması sağlam beyin fəaliyyətinin qorunması və demensiyanın profilaktikası baxımından mühüm əhəmiyyət daşıya bilər.

Samir

0