“Dərs yükü uşaqlarda qorxu və ya depresiyaya səbəb olur” - DİQQƏT

SOSİAL
21:49 / 06.12.2024
396

Dərs yükü, məktəbli uşaqların gündəlik təhsil fəaliyyətlərində yerinə yetirməli olduqları işin ümumi miqdarını ifadə edir.

Bu yük, uşaqların öyrənmə prosesinə verdikləri zaman və əməyi təmsil edir. 

Bu da  çox vaxt uşaqların psixoloji və fiziki sağlamlığı üzərində təsir göstərir.

Amma dərs yükünün uşaqlar üzərindəki təsirləri, faydaları və potensial zərərləri müzakirə mövzusu olur.

Maraqlıdır, dərs yükünün uşaqlar üçün fəsadları nələrdir?

Bu barədə Hit.az-a açıqlama verən psixoloq Xədicə Hüseynli deyib ki, dərs yükünün uşaqlar üçün fəsadları müxtəlif sahələrdə özünü göstərə bilər:

“Buna yuxu pozğunluğu, stress, motivasiyanın düşməsi, düşüncə və təhlil bacarıqlarının zəifləməsi aiddir. Uşaqlar dərs yükü çox olduğunda vaxtında yatmaq və kifayət qədər yuxu almaq çətinləşir. Yuxu azlığı uşaqların inkişafına mənfi təsir edir, həmçinin, onların diqqətini və yaddaşını zəiflədir. Çox dərs yükü uşaqlarda stressi artırır, bu da narahatlıq, qorxu və ya depresiyaya səbəb ola bilər. Uşaqlar dərsləri yetişdirmək və valideynlərin və müəllimlərin tələblərini qarşılamaq üçün daim təzyiq altında hiss edirlər. 

Dərs yükü uşaqlarda dərslərə qarşı maraq və motivasiyanı azaldır. Həddindən artıq iş yükü uşaqların təhsil prosesinə qarşı mənfi münasibət formalaşdırmasına səbəb ola bilər. Uşaqların hər zaman dərslərlə məşğul olmaları, sosial əlaqələri zəiflədir və emosional olaraq, tənha və depressiya riski daşıyan vəziyyətlər yaradır. Çox dərs yükü uşaqları sadəcə məlumatları əzbərləməyə yönləndirir, ancaq analiz, tənqidi düşüncə və problemlərin həlli kimi bacarıqların inkişafına zaman qoymur”.

Murad

1