Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və “Qan Donorları Assosiasiyası” İctimai Birliyinin təşkilatçılığı ilə Cənub bölgəsində “Qohum Evliliyinin Genetik Riskləri və Cəmiyyətə Mənfi Təsiri” layihəsi uğurla icra olunub.
Layihə çərçivəsində Biləsuvar Gənclər Evində, Cəlilabad Tibb Kollecində, Masallı Regional Kollecində, Lənkəran Tibb Kollecində və Astara Rayon Mərkəzi Xəstəxanasında ümumilikdə 200-ə yaxın iştirakçının qatıldığı maarifləndirici görüşlər keçirilib.
Cənub bölgəsinin beş rayonunu əhatə edən tədbirlərdə gənclər, səhiyyə və təhsil işçiləri, ictimaiyyət və KİV nümayəndələri, eləcə də digər maraqlı şəxslər iştirak ediblər. Görüşlərdə qohum evliliklərinin genetik riskləri, gələcək nəsillərin sağlamlığına təsiri, irsi xəstəliklərin yaranma ehtimalı və bu istiqamətdə maarifləndirmə işinin əhəmiyyəti barədə geniş təqdimatlar keçirilib, mövzu ətrafında fikir mübadiləsi aparılıb.
Çıxış edən mütəxəssislər qeyd ediblər ki, qohum evlilikləri nəticəsində bəzi genetik və irsi xəstəliklərin yaranma riski artır. Bu səbəbdən cəmiyyətin mövzu ilə bağlı düzgün və elmi əsaslara söykənən məlumatlarla maarifləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. Tədbirlər interaktiv formatda davam edib, iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb.
Hər görüşün sonunda iştirakçılara layihə çərçivəsində hazırlanmış brendbuka uyğun sertifikatlar təqdim olunub.
Layihənin əsas məqsədi qohum evliliklərinin mümkün fəsadları barədə ictimai məlumatlılığı artırmaq, sağlam ailə institutunun formalaşmasına töhfə vermək və genetik risklərlə bağlı maarifləndirmə işini gücləndirməkdir.
“Qan Donorları Assosiasiyası” İctimai Birliyi sağlam cəmiyyətin formalaşdırılması, ictimai maarifləndirmənin gücləndirilməsi və sosial məsuliyyətin təşviqi istiqamətində fəaliyyətini bundan sonra da davam etdirəcək.













