Bakı bazarlarında mövsümi meyvələrin qiymətində müşahidə olunan süni bahalaşma yay mövsümünün ən qızğın dövründə də alıcıları narazı salmaqda davam edir.
Rayonlardan paytaxta gətirilən yerli məhsulların bolluğuna rəğmən, piştaxtalardakı qiymətlər gözlənilən mövsümi enişi nümayiş etdirmir. İstehlakçılar xüsusilə gilas, şaftalı və ərik kimi gündəlik tələb olunan meyvələrin qiymətinin normadan xeyli baha olmasından gileylənirlər.
Ekspertlər bu vəziyyəti təbii amillərlə deyil, bazarlardakı vasitəçilərin sayının çox olması və işbazlarla əlaqələndirirlər. Fermerlərdən dəyər-dəyməzinə alınan məhsul paytaxt bazarlarına çatana qədər bir neçə əldən keçərək süni şəkildə qiymət artımına məruz qalır. Nəticədə həm məhsulu ərsəyə gətirən kəndli, həm də onu baha qiymətə almaq məcburiyyətində qalan Bakı sakini zərər çəkir.
Qida eksperti İlkin Şirinov Hit.az-a açıqlamasında deyib ki, hələ də bazarda bir çox mövsümi meyvənin baha olması diqqət çəkir:
“Xüsusilə şaftalı və gilas qiymətlərində enmələr müşahidə olunmur. Səbəb isə çox sadədir. Təbii ki, bir müddət əvvəl ölkə ərazisinə yağışların normadan artıq düşməsi meyvə ağaclarının bir çoxunu məhv etdi. Ona görə də bu gün bazarda gilası 10-15 manata satırlar”.
Ekspert həm də bazarda işbazların olduğunu qeyd edib:
“Təəssüf ki, bundan istifadə edən bəzi işbazlar sanki bazarda bir monopoliya yaradırlar. Kənddən bazara gələn məhsulları bir əldə cəmləşdirərək özləri bazara diktə edirlər. Buna görə də qiymətlərin enmə məsələsi bir az problem yaradır.
Sanki kənd təsərrüfatı ilə məşğul olan fermerlər şəhərdəki birbaşa satış nöqtələri ilə əlaqə qura bilmirlər. Arada olan həmin o dəllallar isə sanki bir-birinə qiymət ötürə-ötürə mövcud vəziyyətə səbəb olurlar”.
Pərviz



