Müttəfiqlər Yunanıstana "Patriot" raketlərini Ukraynaya verməsi üçün təzyiq göstərir

DÜNYA
13:56 / 17.07.2026
43

NATO və Avropa İttifaqındakı müttəfiqlər Yunanıstana Ukraynaya "Patriot" hava hücumundan müdafiə sistemləri üçün raketlər təqdim etməsi ilə bağlı təzyiqi artırır. 

HİT.az xəbər verir ki, bu barədə məlumatı məlumatlı mənbələrə istinadən "eKathimerini" nəşri yayıb.

Məlumata görə, Ukrayna Yunanıstan Hərbi Hava Qüvvələrinin silahlanmasında olan 200 ədəd "PAC-2" tipli raketin verilməsi ilə bağlı Afinaya rəsmi müraciət edib.

Mənbələrin bildirdiyinə görə, Ukrayna tərəfi hesab edir ki, Yunanıstanın Hərbi Hava Qüvvələrinin təxminən 23 ildir istifadə etdiyi bu raketlərin bir hissəsi istismar müddətinin sonuna yaxınlaşır.

Bu müraciət daha əvvəl Yunanıstanın altı "Patriot" batareyasından bir hissəsinin Ukraynaya verilməsi ilə bağlı aparılan, lakin nəticəsiz qalan danışıqlardan sonra gündəmə gəlib.

Hazırda Ukraynanın əsas tələbi bütöv hava hücumundan müdafiə sistemlərinin deyil, məhz həmin sistemlər üçün raket ehtiyatlarının təqdim edilməsinə yönəlib.

Bununla yanaşı, raketlərin ötürülməsi üçün onların istifadəyə yararlı, lakin Yunanıstan ordusunun əməliyyat ehtiyacları baxımından artıq zəruri hesab edilməməsi şərtdir.

Müzakirə olunan variantlardan birinə əsasən, Yunanıstan raketləri Norveçə sata bilər, Norveç isə onları daha sonra Ukraynaya çatdırar. Lakin indiyədək Afina bu təklifə müsbət yanaşacağına dair heç bir siqnal verməyib.

Yunanıstan rəsmiləri bildirirlər ki, ölkə artıq müttəfiqlərin təhlükəsizliyinə töhfə verir. Bu çərçivədə "Patriot" batareyalarından biri Səudiyyə Ərəbistanına göndərilərək ölkənin mühüm neft infrastrukturunun mühafizəsinə cəlb olunub.

Bundan əlavə, Yunanıstan daha əvvəl istismar müddətinin sonuna yaxınlaşan "Sea Sparrow" və "Crotale" raketlərini də Ukraynaya dəstək məqsədilə təhvil verdiyini qeyd edib.

Samir
 

0