Bəzi hallarda insanların adi tənbəllik hesab etdiyi vəziyyət əslində peşəkar yardım tələb edən ciddi psixoloji problemlərin əlaməti ola bilər.
HİT.az xəbər verir ki, bu barədə neyropsixoloq və klinik psixoloq İrina Korjayeva “Life.ru”ya müsahibəsində danışıb.
“Tənbəllik "bacarıram, amma istəmirəm" vəziyyətidir. Depressiya isə ‘çox istəyirəm, amma bacarmıram’. Hətta bəzən insan istəməyi belə bacarmır”, deyə mütəxəssis izah edib.
Psixoloq bildirib ki, tənbəllik zamanı insan konkret işi darıxdırıcı və ya əhəmiyyətsiz hesab etdiyi üçün ona enerji sərf etmək istəmir. Depressiya zamanı isə problem daha dərindir: insan zövq almaq, gələcəklə bağlı plan qurmaq və hətta tam istirahətdən sonra belə özünü bərpa etmək qabiliyyətini itirir. Bu vəziyyətin əsas əlamətlərindən biri apatiyadır.
Ekspert insanlara öz vəziyyətlərini qiymətləndirmək üçün bir neçə suala cavab verməyi tövsiyə edib: İstək olduqda tapşırığı yerinə yetirə bilirsinizmi? İstirahət sizə kömək edirmi? Əvvəllər sevdiyiniz məşğuliyyətlərə marağınız qalıbmı? Gələcəklə bağlı planlarınız varmı? Yuxu və ya iştahınızda dəyişiklik olubmu?
Əgər bu sualların ikisindən çoxuna mənfi cavab verilirsə, həkimə müraciət etmək tövsiyə olunur.
Mütəxəssisin sözlərinə görə, depressiya hər zaman ətrafdakılar tərəfindən hiss olunmur. İnsan işləməyə davam edə və zahirən şən görünə bilər, baxmayaraq ki, daxilən ciddi emosional tükənmişlik yaşayır.
Psixoloq əlavə edib ki, oxşar əlamətlər vitamin və mikroelement çatışmazlığı, eləcə də hormonal pozuntular nəticəsində də yarana bilər.
Samir


