Ucqar kənd məktəblərinin vəziyyəti düzələcək?

TƏHSİL
13:23 / 04.06.2026
115

Ucqar rayon və kəndlərdə fəaliyyət göstərən bir çox ümumtəhsil məktəbində mövcud şərait hələ də arzuolunan səviyyədə deyil. 

İnfrastruktur problemləri, maddi-texniki bazanın zəifliyi, müəllim çatışmazlığı və tədris resurslarının məhdudluğu bu təhsil ocaqlarının əsas problemləri sırasında yer alır. Bir sıra məktəblərdə binaların köhnəlməsi, qış aylarında istilik sistemlərinin yetərli olmaması, laboratoriya və kitabxana imkanlarının məhdudluğu şagirdlərin daha keyfiyyətli təhsil almasına maneə yaradır. Bundan əlavə, ucqar ərazilərdə ixtisaslı pedaqoqların fəaliyyət göstərməyə marağının aşağı olması bəzi fənlərin tədrisində ciddi çətinliklərə səbəb olur.

Təhsil eksperti Ramin Nurəliyev Hit.az-a açıqlamasında bildirib ki, ucqar kənd və rayon məktəblərində əsas problemlərdən biri pedaqoji kadr çatışmazlığıdır:

401113

“Müəllimlərin əksəriyyəti daha əlverişli iş və yaşayış şəraiti səbəbindən şəhərlərdə və rayon mərkəzlərində fəaliyyət göstərməyə üstünlük verir. Nəticədə, ucqar ərazilərdə yerləşən təhsil müəssisələrinin ixtisaslı müəllimlərlə təmin olunması çətinləşir.

Bu vəziyyət təkcə tədrisin keyfiyyətinə deyil, həm də şagirdlərin təhsil imkanlarına mənfi təsir göstərir. Digər tərəfdən, bir çox kənd məktəbində müasir kompüter avadanlıqlarının, sürətli internet bağlantısının və ümumilikdə maddi-texniki təminatın yetərli səviyyədə olmaması mövcud problemləri daha da dərinləşdirir”.

Ekspertin fikrincə, prioritet məsələ müəllimlərin regionlara marağının artırılmasıdır: 

“Bunun üçün ucqar ərazilərdə çalışan pedaqoqlara daha yüksək əməkhaqqının verilməsi, sosial təminat paketlərinin genişləndirilməsi, mənzil və kommunal xərclərlə bağlı güzəştlərin tətbiqi effektiv addım ola bilər. Xüsusilə, belə məktəblərdə çalışan müəllimlər üçün əməkhaqqının əhəmiyyətli dərəcədə artırılması onların regionlarda fəaliyyət göstərməsinə əlavə stimul yarada bilər”.

Günel Cəlilova

0