Minifutbol yığmamız daha bir tarix yaza bilər

İDMAN
14:32 / 04.06.2026
130

“Minifutbol üzrə milli komandamızın uğurları təsadüf ola bilməz”.

Bu sözləri futbol eksperti Mehman Süleymanov Hit.az-a açıqlamasında deyib.

O vurğulayıb ki, Azərbaycan millisi indiyə kimi həm Avropa, həm dünya çempionu olub:


“Bu da uğurumuzun təsadüf olmadığını bir daha sübut edir. Yığmamız bu axşam da böyük turnirlərin üçüncü finalına çıxacaq. Əlbəttə, bu uğurda bir neçə amil böyük rol oynayır”.

Ekpsert həmin amillərdən bəhs edib:
“Birincisi, komandamızın baş məşqçisi Elşad Quliyevlə bağlıdır. O, bu sahədə təcrübəli mütəxəssisdir və artıq bütün bu uğurların qazanılmasında əsas pay sahiblərindəndir. Bu müddətdə baş məşqçi olub və öz komandası, korpusu, köməkçiləri ilə birgə yığmamızı yaxşı hazırlayır, həm də rəqibləri yaxşı analiz edir. 

İkincisi, artıq bizdə minifutbol üzrə müntəzəm olaraq ölkə çempionatı keçirilir. Burda da biz “Zirə” ilə “Birbaşa Bakı” arasında gərgin mübarizəyə şahid oluruq. Buna qədər “Birbaşa Bakı” çempionluğu sıralayırdısa, son mövsümdə “Zirə” onu üstələdi və çempion oldu. Milli komandamızın da əsasını məhz adını çəkdiyim bu iki komandanın üzvləri təşkil edir”.

Həmsöhbətimizin sözlərinə görə, üçüncü amil isə qüvvələr nisbəti ilə bağlıdır:
“Biz böyük futbolda Avropada autsayderlər sırasındayıqsa, minifutbolda favoritlərdən biriyik. Üstəlik, bu, hər dəfə də özünü göstərir. Reallıq budur ki, futbol ölkələri sayılan komandalar minifutbolda elə də güclü çıxış etmirlər. Bu da hər halda yekun nəticəyə öz təsirini göstərir”.

Mehman Süleymanov bu axşam millimizin Ukrayna ilə qarşılaşacağı Avropa Çempionatının finalı barədə proqnoz da verib:
“Bu gün də komandamız növbəti tarix yazmağa çox yaxındır. Hesab edirəm ki, ikinci dəfə Avropa çempionu olmaq şansımız çox yüksəkdir və Ukraynanı üstələmək gücündəyik. Bu turnirdə ən çətin matçımız yarımfinalda Serbiya ilə oldu, onu da penaltilər seriyasında məğlub etdik. Məncə, Azərbaycan – Serbiya matçı erkən final idi. Ukrayna isə onlar qədər güclü deyil. Ona görə də bu axşam minifutbol yığmamızın növbəti tarixi zəfərinə şahidlik edə bilərik. Bu ehtimal çox böyükdür”.

Qeyd edək ki, bu axşam saat 22:30-da minifutbol üzrə Azərbaycan millisi Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında final oyununda Ukrayna ilə qarşılaşacaq.

Elmir Mustafa
 

0