“Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpa olunması ölkə tarixində yeni bir inkişaf mərhələsinin əsasını qoydu”.
Bu sözləri Milli Məclisin deputatı Jalə Əliyeva Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, bu mərhələnin ən mühüm istiqamətlərindən biri Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən genişmiqyaslı quruculuq və bərpa işləridir:
“Uzun illər işğal altında qalmış ərazilərin yenidən dirçəldilməsi, müasir yaşayış məntəqələrinin yaradılması və insanların doğma torpaqlarına qayıdışının təmin edilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. İşğal dövründə Qarabağın şəhər və kəndləri, tarixi abidələri, sosial infrastrukturu ciddi dağıntılara məruz qalmışdı.
Azadlıqdan sonra bölgədə aparılan geniş quruculuq işləri göstərdi ki, Azərbaycan təkcə hərbi sahədə deyil, eyni zamanda bərpa və inkişaf sahəsində də böyük potensiala malikdir. Dövlət tərəfindən ayrılan milyardlarla manat vəsait hesabına Qarabağda nəhəng infrastruktur layihələri həyata keçirilir”.
Millət vəkili qeyd edib ki, bu gün Ağdam, Füzuli, Zəngilan, Laçın, Kəlbəcər, Cəbrayıl, Qubadlı və digər rayonlarda müasir şəhər və kənd konsepsiyalarına uyğun yaşayış məntəqələri salınır:
“Xüsusilə “Ağıllı kənd” və “Ağıllı şəhər” layihələri Azərbaycanın innovativ inkişaf modelinin Qarabağda tətbiqinin parlaq nümunəsidir. Bu layihələr müasir texnologiyaların, rəqəmsal həllərin və ekoloji yanaşmaların bir araya gətirilməsi ilə insanların rahat və təhlükəsiz yaşayışını təmin etməyə xidmət edir.
Qarabağın yenidən qurulmasında nəqliyyat infrastrukturunun yaradılması xüsusi əhəmiyyət daşıyır. Son illər ərzində yüzlərlə kilometr yeni avtomobil yolu çəkilib, tunellər və körpülər inşa olunub. Bu layihələr regionun sosial-iqtisadi inkişafını sürətləndirməklə yanaşı, ölkənin müxtəlif bölgələri arasında əlaqələri daha da möhkəmləndirir. Füzuli, Zəngilan və Laçın beynəlxalq hava limanlarının istifadəyə verilməsi Qarabağın beynəlxalq nəqliyyat şəbəkəsinə inteqrasiyasını təmin edən mühüm addımlardır”.
Jalə Əliyeva əlavə edib ki, bölgədə enerji infrastrukturu da tamamilə yenidən qurulur:
“Qarabağ və Şərqi Zəngəzurun “yaşıl enerji zonası” elan edilməsi Azərbaycanın gələcəyə hesablanmış enerji siyasətinin mühüm tərkib hissəsidir. Günəş, külək və hidroenerji potensialından səmərəli istifadə edilməsinə yönələn layihələr regionun enerji təhlükəsizliyinin təmin olunmasına və ekoloji tarazlığın qorunmasına xidmət edir.
Quruculuq işlərinin əsas məqsədi yalnız binalar və yollar tikmək deyil, insanların öz doğma yurdlarında layiqli həyat şəraitini təmin etməkdir. Bu baxımdan məktəblərin, xəstəxanaların, mədəniyyət mərkəzlərinin, idman komplekslərinin və digər sosial obyektlərin tikintisi xüsusi önəm daşıyır. Artıq bir sıra yaşayış məntəqələrinə köçürülən ailələr üçün bütün zəruri şərait yaradılıb”.
Deputat diqqətə çatdırıb ki, Böyük Qayıdış proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin mərhələli şəkildə öz doğma torpaqlarına qayıdışı təmin edilir:
“İnsanların illər sonra ata-baba yurdlarına qovuşması yalnız sosial deyil, həm də böyük mənəvi və tarixi əhəmiyyət daşıyır. Bu proses milli həmrəyliyin, dövlət-vətəndaş birliyinin və Azərbaycan xalqının öz torpaqlarına bağlılığının təzahürüdür.
Qarabağda aparılan quruculuq işlərinin digər mühüm istiqaməti tarixi və dini abidələrin bərpasıdır. İşğal dövründə dağıdılmış məscidlər, türbələr, muzeylər və digər mədəni irs nümunələri yenidən bərpa olunur. Bu, Azərbaycanın zəngin tarixi-mədəni irsinin qorunmasına və gələcək nəsillərə çatdırılmasına xidmət edir”.
Həmsöhbətimiz onu da söyləyib ki, bu gün Qarabağ dünyanın ən böyük bərpa və yenidənqurma layihələrinin həyata keçirildiyi bölgələrdən birinə çevrilib:
“Həyata keçirilən işlər göstərir ki, Azərbaycan azad edilmiş torpaqları sürətlə inkişaf edən, müasir və təhlükəsiz yaşayış məkanına çevirmək əzmindədir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən quruculuq siyasəti Qarabağın yaxın illərdə Cənubi Qafqazın ən inkişaf etmiş regionlarından birinə çevriləcəyinə ciddi əsas yaradır.
Qarabağda aparılan quruculuq işləri yalnız dağıdılmış infrastrukturun bərpası deyil, həm də Azərbaycanın iqtisadi gücünün, siyasi iradəsinin və gələcəyə yönəlmiş inkişaf strategiyasının təcəssümüdür. Bu layihələr bölgənin uzunmüddətli inkişafını təmin etməklə yanaşı, milli dirçəlişin və Böyük Qayıdışın uğurlu reallaşmasının parlaq nümunəsi kimi tarixdə qalacaq”.
Elmir Mustafa



