Psixoloq: “İnsanlar süni intellekt vasitəsilə özlərinə diaqnoz qoyurlar”

SAĞLAMLIQ
15:00 / 03.06.2026
41

“Son zamanlarda insanlar internetdə və ya süni intellekt vasitələrində oxuduqları məlumatlar əsasında özlərinə müxtəlif psixoloji diaqnozlar qoymağa başlayıblar”.

Bu sözləri klinik psixoloq Zəhra Zahidova Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, bəzən bir neçə simptom haqqında oxuyur, özlərini həmin təsvirlərlə eyniləşdirir və nəticədə “məndə depressiya var”, “məndə travma pozuntusu var”, “məndə obsesiv-kompulsiv pozuntu var” kimi qənaətlərə gəlirlər:


“Hətta bəzi insanlar heç bir mütəxəssisə müraciət etmədən internetdə oxuduqları tövsiyələrə əsasən özlərini “müalicə etməyə” çalışırlar. Lakin psixoloji diaqnoz qoymaq sadəcə simptomları oxumaqdan ibarət deyil. Eyni əlamət bir neçə fərqli psixoloji vəziyyətdə, hətta bəzi tibbi xəstəliklərdə belə müşahidə oluna bilər. 

Məsələn, yorğunluq, diqqət dağınıqlığı və motivasiya azalması həm stress, həm depressiya, həm də müxtəlif fiziki sağlamlıq problemləri ilə əlaqəli ola bilər. Buna görə də yalnız internetdən əldə edilən məlumatlarla düzgün nəticəyə gəlmək mümkün olmur”.

Ekspert vurğulayıb ki,süni intellekt və internet məlumat vermək, maarifləndirmək, eləcə də müəyyən istiqamət göstərmək üçün faydalı vasitədir:
“Ancaq onlar insanı tam şəkildə qiymətləndirə bilmirlər. Psixoloq isə yalnız deyilən sözlərə deyil, insanın emosional vəziyyətinə, həyat hekayəsinə, davranış nümunələrinə, keçmiş təcrübələrinə və bir çox digər faktora birlikdə baxır.

Eyni simptomun iki fərqli insanda tamamilə fərqli səbəbləri ola bilər. Özünə səhv diaqnoz qoymağın əsas risklərindən biri problemin əsl səbəbini gözdən qaçırmaqdır. İnsan olmayan bir xəstəliyin müalicəsinə fokuslanarkən həqiqi çətinlik diqqətdən kənarda qala bilər”.

Psixoloq diqqətə çatdırıb ki, digər risk isə özünü həddindən artıq xəstə hesab etməkdir:
“Bəzən normal stress, kədər və ya həyat böhranları insan tərəfindən ciddi psixoloji pozuntu kimi qəbul edilir və bu da əlavə narahatlıq yaradır. Belə hallar psixoloqların işini də çətinləşdirə bilir.

Çünki bəzi insanlar qəbul otağına artıq özlərinə qoyduqları diaqnozla gəlirlər və yalnız həmin diaqnozun təsdiqlənməsini gözləyirlər. Halbuki peşəkar qiymətləndirmə zamanı vəziyyətin fərqli olduğu ortaya çıxa bilər. Bu zaman mütəxəssis həm real vəziyyəti araşdırmalı, həm də insanın əvvəlcədən formalaşdırdığı yanlış inancları düzəltməli olur”.

Zəhra Zahidova fikirlərini belə yekunlaşdırıb:
“Psixologiyada ən vacib məqamlardan biri odur ki, məlumatlı olmaq diaqnoz qoymaq demək deyil. İnternet və süni intellekt insanlara özlərini daha yaxşı anlamaqda kömək edə bilər, amma onlar psixoloji qiymətləndirmənin və peşəkar diaqnostikanın yerini tutmur.

Psixoloji vəziyyətlərin düzgün qiymətləndirilməsi üçün mütəxəssisin baxışı vacibdir. Çünki hər insanın hekayəsi, yaşantıları və daxili dünyası fərqlidir və bunu standart məlumatlarla tam dəyərləndirmək mümkün deyil”.

Pərviz 
 

0