Doğuş sayı kəskin azalır - SƏBƏB

SOSİAL
14:10 / 04.06.2026
112

Azərbaycanda doğulan uşaqların sayında azalma tendensiyası davam edir. 

Statistik göstəricilər son illərdə doğum səviyyəsinin ardıcıl şəkildə aşağı düşdüyünü göstərir. Belə ki, 2022-ci ildə ölkədə 122 min 846, 2023-cü ildə 112 min 620, 2024-cü ildə isə 102 min 310 körpə dünyaya gəlib. 2025-ci ildə qeydə alınan 95 min 875 doğum isə Azərbaycanın müstəqillik dövrü üzrə ən aşağı göstəricilərdən biri hesab olunur. Rəqəmlər son onillikdə doğum səviyyəsində əhəmiyyətli geriləmənin baş verdiyini və demoqrafik dinamikanın dəyişdiyini ortaya qoyur.

Sosioloq Fatimə Hacıbəyli Hit.az-a açıqlamasında bildirib ki, ölkədə doğum göstəricilərinin azalması son illərdə daha qabarıq şəkildə müşahidə olunur:

401115

“Bu tendensiya yalnız Azərbaycana xas deyil, dünyanın bir çox ölkəsində oxşar demoqrafik proseslər yaşanır. Ölkəmizdə doğum sayının azalmasının başlıca səbəbi sosial problemlərdir. Sosial iqtisadi amillər və həyat xərclərinin artması ailələrin uşaq sayına dair qərarlarına birbaşa təsir göstərir.

Gündəlik tələbat mallarının və xidmətlərin bahalaşması fonunda valideynlər daha az sayda övlad böyütməyə üstünlük verirlər. Bir çox ailə maddi imkanlarını nəzərə alaraq bir və ya iki uşaqla kifayətlənməyi daha məqsədəuyğun sayır”.

Sosioloq onu da əlavə edib ki, ailə münasibətlərində sabitliyin zəifləməsi də demoqrafik göstəricilərə təsirsiz ötüşmür: 

“Boşanmaların sayının artması və ailə institutunun əvvəlki mövqeyini qoruya bilməməsi yeni ailələrin qurulmasına və uşaqların dünyaya gəlməsinə mənfi təsir göstərən amillərdən hesab olunur.

Miqrasiya prosesləri də bu məsələdə mühüm rol oynayır. Xaricə köçən vətəndaşların bir hissəsi ailə həyatını və övlad sahibi olma planlarını başqa ölkələrdə reallaşdırdığından, onların potensial demoqrafik töhfəsi artıq Azərbaycanın deyil, yaşadıqları ölkələrin əhalisinin artımında özünü göstərir”.

Günel Cəlilova

0