Müasir dövrün ən böyük problemlərindən biri də tənhalıqdır.
Dünyanın müxtəlif ölkələrində bununla bağlı geniş araşdırmalar aparılıb. Məsələn, insanlar sosial şəbəkə hesablarında yüzlərlə, bəzən minlərlə dostu olur. Lakin onların neçəsi gerçək dostdur? Onların neçəsi ilə mütəmadi danışır və ya görüşür? Bax, əsas suallar bunlardır. Çünki yüzlərlə, minlərlə sosial şəbəkə dostlarından ən yaxşı halda 4-5-i ilə həyatda da dostluq edirlər... Hərçənd ki, əsl dost dar günündə yanında olan, bir zənginlə qeyd-şərtsiz gələndir.
Bəs gerçəkdə nə qədər belə dostlarımız var?
Çoxunun cavabı sıfırdır. Üstəlik, bu, çox insanda belədir. Siz sadəcə bəşəriyyət tarixinin ən qəribə paradoksunu yaşayırsınız: Heç vaxt bu qədər “əlaqədə” və heç vaxt bu qədər tənha olmamışdıq. Bəs necə oldu ki, dünyanı bir rəqəmsal kəndə çevirən texnologiya bizi bir-birimizdən bu qədər uzaqlaşdırdı?
Sosial şəbəkə dostluğu...
Sosial şəbəkələr bizə möhtəşəm bir illüziya satır. Bir-birimizin fotolarına “bəyən” düyməsini basmaq, hekayələrinə emojilər göndərmək və ya ad günlərində divarına avtomatik təbriklər yazmaq bizə elə gəlir ki, münasibətdəyik. Amma bu, ünsiyyət deyil, sadəcə ünsiyyətin siqnalıdır.
Əsl ünsiyyət insanın gözünün içinə baxmaq, səsindəki titrəməni hiss etmək və eyni sükutu bölüşə bilməkdir. Biz real dostluqların gətirdiyi o “əziyyətli” (görüşmək, vaxt ayırmaq, dinləmək) tərəflərdən qaçıb, ekran arxasındakı asan və məsuliyyətsiz əlaqələri seçdik. Nəticədə rəqəmsal dost kitabçamız şişdi, ancaq ruhumuz ac qaldı.
Keçmişdəki dostluqlarda etibar var idi
Keçmiş zamanda dostlar bir-birlərinin hər halını bilirdi, çünki etibar var idi. İndi isə hamı bir-birinə özünün ən mükəmməl, ən uğurlu versiyasını nümayiş etdirir. Heç kim sosial mediada “Bu gün özümü çox uğursuz hiss edirəm” deyə post paylaşmır. Hamı güclü və xoşbəxt görünməyə çalışdığı üçün, kimsə içindəki zəifliyi və qorxuları bölüşə bilmir. Əlbəttə ki, hər kəsin maska taxdığı bir baloda isə həqiqi, səmimi bir bağ qurmaq qeyri-mümkündür. Tənhalıq ətrafda insanın olmaması deyil, insanın öz daxili reallığı ilə başqasının qarşısına çıxa bilməməsidir.
Ümumiyyətlə, müasir tənhalıq divarlar arxasına qapanmış insanın yalqızlığı deyil. Bu, izdihamın ortasında, əlində telefonla dayanan, amma kiməsə toxuna bilməyən insanın səssiz fəryadıdır. Bəlkə də bu tənhalıqdan xilas olmağın yolu rəqəmsal dünyadakı “izləyici” sayını artırmaq deyil, real həyatda o tək-tük qalan, bizi maskasız tanıyan insanlara daha çox vaxt ayırmaqdır. Rəqəmsal dünyada hər şey tapıla bilər, amma səmimi bir insan səsinin yerini heç bir alqoritm verə bilməz...
Aslan


