İşədüzəltmə agentlikləri insanları belə ALDADIR

İQTİSADİYYAT
14:42 / 02.06.2026
104

Son illərdə məşğulluq xidmətləri göstərdiyini bildirən vasitəçi qurumların sayı nəzərəçarpacaq dərəcədə artıb. 

Bu qurumlar iş axtaran şəxslərə uyğun vakansiya tapacaqlarını vəd edir, bunun müqabilində isə müəyyən xidmət haqqı tələb edirlər. Əksər hallarda tərəflər arasında müqavilə bağlanır və ödəniş müxtəlif formalarda həyata keçirilir. 

Bəzi şirkətlər ilkin mərhələdə xidmət haqqı alır, digərləri isə işə qəbul baş tutduqdan sonra əməkhaqqının müəyyən hissəsinin ödənilməsini tələb edir. Lakin iş tapmaq ümidi ilə ödəniş edən şəxslərə sonradan vəd olunan xidmət göstərilmir və ya əlaqə tamamilə kəsilir. 

Bu kimi halların yaşanmaması üçün nə kimi addımlar atılmalıdır? 

Sosioloq Mətləb Salahov Hit.az-a açıqlamasında bildirib ki, sosial problemlərin və işsizliyin hökmran olduğu indiki zamanda bəzi fırıldaqçı qruplar “işədüzəltmək” adı ilə dələduzluq törətməkdən çəkinmirlər: 

400947

“Hazırda törədilən əksər cinayətlərin əsas tərkibi aldatma, dələduzluq, inam və etibardan sui istifadə halları ilə bağlıdır. Bu gün əksər işədüzəltmə agentlikləri işsiz insanların inamından istifadə edib dələduzluq yolu tutublar. Diqqət edin: ənənəvi və standart metod var: vətəndaş işədüzəltmə agentliyinə yaxınlaşır, dərhal vətəndaşa anket verilir ki, bu anketi doldurun, biz sizi işlə təmin edəcəyik. Üstəlik, anketə görə 10-15 manat pul tələb edilir. İnsanlar dərhal bilməlidir ki, bu fırıldaqçılıqdır. 

Çünki işədüzəltmə büroları göstərdikləri xidmətə görə işçidən qətiyyən pul almamalıdırlar. Azərbaycan Respublikasının Əmək məcəlləsində işə düzələrkən pul tələb olunması barədə heç bir maddə yoxdur. Tam əksinə, əmək qanunvericiliyinə görə, işədüzəltmə agentliyi xidmət haqqını vətəndaşdan yox, işçiyə ehtiyacı olan işəgötürəndən almalıdır. Realda isə hər şey tərsinə baş verir”.

Sosioloqun dediyinə görə, inkişaf etmiş dövlətlərin əmək bazarında fəaliyyət göstərən rekrutinq (işədüzəltmə) şirkətləri maliyyə yükünü vətəndaşın üzərinə qoymur:

“Bu sistemdə bütün xidmət haqları qanunvericilik çərçivəsində birbaşa sifarişçi tərəfindən ödənilir. Lakin ölkəmizdə işədüzəltmə agentliklərinin əksəriyyəti yuxarıda qeyd etdiyimiz kimi, vətəndaş işə başlayandan bir müddət keçmiş onu hədələyirlər ki, “ilk ayının maaşının yarısın bizə ver, yoxsa işdən çıxaracağıq”. Aydındır ki, “əmək haqqı bizə çatır” kimi şərt kəsilməsi hüquq pozuntusudur. İşədüzəltmə üçün müqavilədə müəyyən haqq nəzərdə tutula bilər. 

Yəni əvvəlcədən tərəflər arasında əqd bağlanmalı və orada vasitəçilik qarşılığında qonorar məbləği göstərilməlidir. Bu mülki qaydada tənzimlənir. Əlbəttə, vasitəçilik göstərən şəxs də vergisini ödəməlidir. Amma təəssüf ki, neçə illərdir bu sahədə xaos və cinayətlə dolu “fəaliyyət” hökm sürür”.

Ekspert qeyd edib ki, bu fırıldaqçıların daha bir dələduzluq “metoduna” diqqət edək:

“Diqqətçəkən bir məqam da “işədüzəltmə” adı ilə yayılan elanlarda əlaqə vasitəsi kimi əsasən mobil nömrələrin qeyd edilməsidir. Bunu ona görə edirlər ki, aldatdıqları adamlardan gizlənmək, qanunun tələblərindən yayınmaq üçün stasionar telefon onlar üçün əlverişli deyil. Bütün bu faktlar artıq neçə onilliklərdir davam edir”.

M.Salahov hesab edir ki,  işsiz vətəndaşlara qənim kəsilən qruplara qarşı tutarlı tədbir görülməlidir: 

“Nədən bu cür fırıldaqçılar azalmaq əvəzinə günü gündən daha da artırlar? Tam əminliklə deyə bilərəm ki, qanunvericiliyimiz bu cür hallara qarşı mübarizədə boşluqlarla doludur. Lakin əslində qanunvericiliyimiz bu cür hallara qarşı daha kəskin, maddi və inzibati sərtliklə tədbirlər görmək gücündə olmalıdır. Çünki zaman sürətlə dəyişir. Bu cür fırıldaq və cinayətlərə qarşı da eyni operativliklə mübarizə üçün yeni hüquqi aktların qəbul edilməsi qaçılmaz zərurətdir”.

Günel Cəlilova

0