Zelenski görüş istəyir, Putin rədd edir

DÜNYA
12:10 / 04.06.2026
117

Ukrayna Prezidenti Volodimir Zelenski növbəti dəfə Rusiya Prezidenti Vladimir Putinlə görüşmək istədiyinə dair açıqlama verib.

O, müharibənin diplomatik yolla başa çatdırılması üçün istənilən formatda, o cümlədən Rusiya Prezidenti Vladimir Putinlə birbaşa danışıqlara hazır olduğunu bəyan edib. Maraqlıdır ki, Zelenski son vaxtlarda tez-tez Putinlə görüşmək istədiyini açıqlayır. Lakin qarşı tərəf onun bu istəyini qəbul etmir.

Belə olan halda suallar yaranır: Zelenski nə üçün israrla Putinlə görüşmək istəyir? Eyni zamanda, Putin niyə onun görüş təklifini hər dəfə rədd edir?

Mövzu ilə bağlı Hit.az-a açıqlama verən politoloq Züriyə Qarayeva bildirib ki, Volodimir Zelenskinin Vladimir Putinlə birbaşa görüşdə israr etməsinin əsas səbəbi müharibənin taleyini müəyyən edən qərarların faktiki olaraq yalnız Kremlin rəhbərliyi tərəfindən verilməsidir:


“Rəsmi Kiyev hesab edir ki, texniki nümayəndə heyətləri səviyyəsində aparılan danışıqlar yalnız humanitar məsələlər və ya əsir mübadiləsi kimi məhdud nəticələr verir.

Zelenski isə atəşkəs, təhlükəsizlik təminatları, ərazi məsələləri və müharibənin dayandırılması kimi strateji mövzuların yalnız dövlət başçıları səviyyəsində müzakirə edilə biləcəyini vurğulayır. Bundan əlavə, Ukrayna lideri beynəlxalq ictimaiyyətə diplomatik həllə açıq olduğunu göstərməyə və bununla Rusiyanın danışıqlardan yayınan tərəf kimi görünməsinə nail olmağa çalışır”.

Onun sözlərinə görə, Putinin belə bir görüşə razılıq verməməsinin həm siyasi, həm də hərbi səbəbləri var:
“Kremlin mövqeyinə görə, liderlər səviyyəsində görüş yalnız əvvəlcədən konkret razılaşmalar hazırlandıqdan sonra baş tutmalıdır. Digər tərəfdən, Moskva hazırkı hərbi vəziyyətdə cəbhədə müəyyən üstünlüklər əldə etdiyini düşündüyü üçün əlavə güzəştlər tələb edən birbaşa sammitə ehtiyac görmür. 


Putin üçün Zelenski ilə görüş həm də Rusiyanın uzun müddətdir irəli sürdüyü “Ukrayna məsələsinin Qərbin təsiri altında həll olunması” tezisini zəiflədə bilər. Buna görə Kreml hazırda liderlər görüşündən daha çox öz şərtlərinə uyğun danışıqlar prosesini davam etdirməyə üstünlük verir”.

Elmir Mustafa

0