Müasir insanın qorxusu: Heç nə etməmək...

KÖŞƏ YAZILARI
11:11 / 03.06.2026
108

Müasir insanların ən böyük qorxularından biri də heç nə etməməkdir.

Düzdür, ilk baxışda adama çox qəribə gəlsə də, belə bir qorxu var. Məsələn, insanların çox böyük əksəriyyəti istirahət üçün divanda uzandıqda belə ya telefonla oynayır, ya da televizor izləyirlər. Ən yaxşı halda da kitab oxuyurlar. Yəni insanların bəziləri fəaliyyətsiz qalmamağa çalışırlar.

Biz elə bir cəmiyyətdə yaşayırıq ki, insanın dəyəri onun nə qədər “məşğul” olması ilə ölçülür. Kiməsə “Necəsən?” deyəndə belə “Çox məşğulam, başımı qaldırmağa vaxtım yoxdur” cavabını almaq bir növ status göstəricisinə çevrilib. Əgər məşğulsansa, deməli, vacib adamasan. 

Bizə uşaqlıqdan bəri “Boş oturanı heç kim sevməz” fəlsəfəsi aşılanıb. Nəticədə, beynimiz dincəlməyi və heç nə etməməyi bir “istirahət” deyil, “tənbəllik və günah” qovluğuna yerləşdirib. İndi divanda keçirdiyimiz hər sakit dəqiqə bizə daxili bir vicdan əzabı kimi geri dönür. 

Halbuki insanın xəyal dünyası heç nə etmədiyi vaxtlarda daha yaxşı çalışır. Bir çox alimin kəşfi məhz belə ortaya çıxıb. Tarixin ən böyük kəşfləri laboratoriyalarda gecə-gündüz baş sındırarkən deyil, Nyuton kimi almanın ağacdan düşməsini izləyərkən və ya Arximed kimi vannada dincələrkən edilib.  Biz isə beynimizə ideyalar gəlməsinə imkan yaratmırıq. 

Beynimizə “heç nə etməmək” şansı verməyəndə, onun yeni ideyalar istehsal etmək, xatirələri xatırlamaq və ruhu yeniləmək qabiliyyətini əlindən alırıq. Beynimizi daimi olaraq informasiya ilə boğuruq və ağlımıza kreativ fikirlərin gəlməməsinə təəccüblənirik.

Bu qorxunun ən böyük müttəfiqi smartfonlarımızdır. Metroda qatar gözləyərkən, növbədə dayanarkən, hətta liftin gəlməsini gözlədiyimiz o 30 saniyəlik boşluqda belə dözə bilmirik. Dərhal telefonu çıxarıb sosial şəbəkələrin sonsuz lentini sürüşdürməyə başlayırıq. 

Çünki o 30 saniyəlik “heç nə etməmək” anı bizə darıxdırıcı və qorxulu gəlir. Biz özümüzlə, düşüncələrimizlə baş-başa qalmaqdan qaçırıq və bu boşluğu rəqəmsal dünyanın “fast-food” məzmunları ilə doldururuq. 

Unutmayın ki, siz hər an nəsə istehsal etməli, pul qazanmalı və ya özünüzü inkişaf etdirməli olan bir maşın deyilsiniz. Siz insansınız. Bəzən sadəcə pəncərədən yağan yağışı izləmək, dünyanı xilas etməkdən daha vacib ola bilər. Bu gün özünüzə bir hədiyyə edin: Telefonu o biri otaqda qoyun, divana uzanın və ən azı on dəqiqə heç nə etməyin. Bəlkə də ağlınıza həyatınızı və ya karyeranızı dəyişdirəcək gözəl ideyalar gələr...

Aslan

0