Ultrayüksək dərəcədə emal olunmuş qidalar, məsələn fastfud məhsulları və sənaye üsulu ilə hazırlanmış şirniyyatlar, orqanizmdə təhlükəli metabolik pozğunluqların riskini artıra və antioksidant müdafiəni zəiflədə bilər. Bu qənaətə İranlı alimlər gəlib.
HİT.az xəbər verir ki, tədqiqatın nəticələri "Food & Function" jurnalında (F&F) dərc olunub.
Araşdırmada 528 yetkin könüllü iştirak edib. Tədqiqatçılar onların qidalanma xüsusiyyətlərini təhlil edib və əldə olunan nəticələri sağlamlıq göstəriciləri, o cümlədən bel çevrəsi və qanda trigliserid səviyyəsi ilə müqayisə ediblər.
“Abdominal piylənmə və yüksək trigliseridlərin birləşməsi kardiyometabolik riskin mühüm göstəricisi hesab olunur və 2-ci tip şəkərli diabet, ateroskleroz və ürək-damar xəstəliklərinin inkişaf ehtimalının artması ilə əlaqələndirilir”, deyə alimlər xəbərdarlıq ediblər.
Təhlillər göstərib ki, ultrayüksək dərəcədə emal olunmuş qidaları daha tez-tez qəbul edən insanlarda bu cür pozğunluqların riski onları nadir hallarda istifadə edənlərlə müqayisədə təxminən 2,5 dəfə yüksək olub. Xüsusilə qadınlar və artıq çəkiyə malik iştirakçılar arasında daha güclü əlaqə müşahidə edilib.
Ultrayüksək dərəcədə emal olunmuş qidalara sənaye şirniyyatları, qazlı içkilər, çipslər, qəlyanaltılar, kolbasa məmulatları, yarımfabrikatlar və hazır yeməklər daxildir. Alimlərin qeyd etdiyinə görə, bu cür qidalar adətən yüksək miqdarda şəkər, duz, doymuş yağlar və qida əlavələri ehtiva edir, lakin lif və digər faydalı maddələr baxımından kasaddır.
Bundan əlavə, tədqiqatçılar ultrayüksək dərəcədə emal olunmuş qidaların bəzi kateqoriyalarının, xüsusilə şirniyyat və qənnadı məmulatlarının, orqanizmin antioksidant müdafiəsini zəiflədə biləcəyini müəyyən ediblər. Bu isə oksidləşmə stressini artırır — hüceyrələrin zədələnməsi, xroniki iltihab və bir çox yaşla əlaqəli xəstəliklərin inkişafı ilə bağlı olan prosesdir.
Samir


