İnformasiya bolluğunun hökm sürdüyü müasir dövrdə dini mövzularda doğru bilgilərə çıxış, həyatın mənası, ədalət anlayışı və dinin cəmiyyətdəki rolu ilə bağlı suallar daha da aktuallaşıb.
Xüsusilə sosial şəbəkələrdə yayılan müxtəlif fikirlər insanların etibarlı dini mənbələri seçməsi məsələsini ön plana çıxarır.
Mövzu ilə bağlı ilahiyyatçı Tural İrfan Hit.az-a müsahibə verib. İlahiyyatçı ilə əmsöhbət olaraq doğru dini məlumatın müəyyənləşdirilməsi, dünyada baş verən müharibə və təbii fəlakətlərin dini baxımdan izahı, həyat və ölümün mahiyyəti, eləcə də qloballaşma və texnoloji inkişaf dövründə dinin aktuallığını necə qoruduğu barədə suallarımıza cavab aldıq.
- Tural bəy, doğru dini məlumatı yanlış və ya təhrif olunmuş məlumatdan necə fərqləndirməliyik? Etibarlı mənbə seçimi necə olmalıdır?
- Doğru dini məlumatı yanlış və ya təhrif olunmuş məlumatdan fərqləndirmək kifayət qədər çətin məsələdir. Xüsusilə dinlə bağlı obyektiv və qərəzsiz klassik mənbələrin sayı çox azdır. Orta əsrlərdən etibarən məzhəbçilik geniş yayıldığı üçün klassik dini əsərlərin əksəriyyəti məzhəb yönümlü alimlər tərəfindən qələmə alınıb. Məzhəbdən kənar düşünən alimlər isə az olub, hətta bir çox hallarda təqiblərə məruz qalıblar. Bu səbəbdən dini məsələlərdə obyektiv nəticəyə gəlmək üçün uzunmüddətli araşdırmalar aparmaq lazımdır. Təbii ki, bunu hər kəs edə bilmir.
Bu baxımdan, müstəqil düşüncəyə malik alimlərin yetişməsi və onların obyektiv əsərlər ortaya qoyması üçün şərait yaradılmalıdır. Cəmiyyətin sağlam dini maariflənməsi də məhz bu yolla mümkündür. Quranın tərcümələrində də fərqlər mövcuddur. Məsələn, müxtəlif məzhəblərin yanaşmasına uyğun tərcümələr hazırlanıb, ölkəmizdə də belə nümunələr var. Elə təsəvvür yaranır ki, sanki hər məzhəbin öz Quranı var. Halbuki bu, doğru yanaşma deyil. Mən dəfələrlə təklif etmişəm ki, vahid komissiya yaradılsın və məzhəb fərqlərindən uzaq, ortaq bir Quran tərcüməsi hazırlansın.
Bu, parçalanmanın qarşısını almağa kömək edər. İnsanlar din adı altında təqdim olunan hər məlumatı olduğu kimi qəbul etməməli, onun doğruluğunu ağıl, məntiq və Quran əsasında yoxlamalıdırlar. İslamın mahiyyəti də məhz budur. Hətta Peyğəmbər buyurub ki, “Mənim sözlərimi Quranla tutuşdurun”. Quranda hər məsələ təfərrüatı ilə yer almadığı üçün Allah insanlara ağıl da verib. İnsan öz ağlı, məntiqi və təhsili sayəsində nəyin doğru, nəyin yanlış, nəyin isə xurafat olduğunu ayırd edə bilər.
- Ümumiyyətlə, dünyadakı müharibələr və təbii fəlakətlərin mövcudluğu dində “ədalət” və “rəhmət” anlayışları ilə necə uzlaşdırılır?
- Dində baş verən müharibələr və təbii fəlakətlər Allahın yaratdığı qanunlar çərçivəsində izah olunur. İslam inancına görə, Allah yer üzündə baş verən hər hadisəni ayrı-ayrılıqda idarə etmir. O, insanlara haqq yolu göstərmək üçün ilahi kitablar göndərib, doğru ilə yanlışı ayırd etməyi öyrədib və seçim etmək azadlığı verib. Müharibələr isə insanların öz əməllərinin nəticəsidir.
Onları Allah deyil, insanlar törədir və buna görə də məsuliyyət daşıyırlar. Allah insanlara azad iradə verib, eyni zamanda onların əməllərinə görə cavab verəcəklərini də bildirib. Necə ki, insanlar qanun pozuntusuna görə dünyada hüquqi məsuliyyət daşıyırlar, eyni şəkildə axirətdə də etdikləri əməllərə görə hesaba çəkiləcəklər.
Təbii fəlakətlər isə insanların davranışlarından asılı deyil. Bunlar Allahın yaratdığı təbiət qanunlarının tərkib hissəsidir və Onun iradəsi ilə baş verir. Bu barədə Peyğəmbərin həyatında da nümunə var. Onun körpə yaşda olan övladı vəfat edəndə ay tutulmuşdu. Bəzi insanlar bunu həmin hadisə ilə əlaqələndirsələr də, Peyğəmbər dəfni dayandıraraq belə düşüncələrin yanlış olduğunu bildirib və insanların bu cür xurafatlara inanmamasını tövsiyə edib. O vurğulayıb ki, təbiət hadisələri insanların doğumu və ya ölümü ilə əlaqədar baş vermir.
Təbii fəlakətlər zamanı günahsız insanların zərər çəkməsi isə kainatda mövcud olan fiziki qanunların nəticəsidir. İslam inancına görə, Allahın yaratdığı heç bir hadisə mənasız və ya təsadüfi deyil. İnsan bəzən bu hadisələrin hikmətini dərk etməyə bilər, lakin onların arxasında ilahi hikmət mövcuddur. Bu, dini anlayışlarda “qəza və qədər” kimi ifadə olunur. Baş verən təbii fəlakətlərə görə Allahı ədalətsiz və ya mərhəmətsiz hesab etmək doğru yanaşma deyil.
- Bəs həyatın mənası və ölümün mahiyyətinə baxışınız necədir?
- Din fəlsəfəsinə görə, kainatın və bəşəriyyətin yaradılışı Allahın bilinmək iradəsi ilə əlaqələndirilir. İslam düşüncəsində qeyd olunur ki, Allah kainatı öz qüdrətini və hikmətini təzahür etdirmək üçün yaradıb. Qurana əsasən, insan həyatı bu dünya ilə məhdudlaşmır; ölüm son deyil, əbədi həyata keçiddir. Cənnət və cəhənnəm isə əbədi məkanlar kimi təsvir olunur.
İslam fəlsəfəsinə görə, Allahın insanı yaratmasında müəyyən məqsəd və məram var. İnsan bu dünyada müxtəlif sınaqlardan keçir, saflaşır və öz əməlləri ilə əbədi həyatını müəyyənləşdirir. Belə bir sual yarana bilər ki, Allahın kainatı yaratmasına nə ehtiyac var idi? Çünki insanlar isə bir-birini öldürür, müharibələr törədir. Hərçənd ki, dini baxışa görə, bütün bunlar insanın iradəsinin və üzləşdiyi ağır sınaqların bir hissəsidir.
Ümumilikdə isə insan üçün həyatın mənası yaşamaq, mənəvi kamilliyə can atmaq və öz missiyasını yerinə yetirməkdir. İnsan öldükdə onun cismi torpağa qayıdır, lakin ruhu və mənəviyyatı yaşayır. Allahın yaratdığı heç bir varlıq tamamilə yox olmur. Buna görə də cismani ölüm yoxluq deyil, başqa bir həyata keçiddir.
- Müasir dövrün gətirdiyi qloballaşma və texnoloji inkişaf fonunda din öz aktuallığını necə qoruyur?
- Müasir dövrün gətirdiyi qloballaşma və texnoloji inkişaf fonunda din indiki vəziyyətini dəyişmədən öz aktuallığını uzun müddət qoruya bilməz. Bunun əsas səbəbi dinin mahiyyətindən deyil, zaman-zaman müxtəlif təhriflərə və xurafatlara məruz qalmasından qaynaqlanır. Orta əsrlərdə elmi əsaslarla düşünən, rasional yanaşmanı müdafiə edən bir çox müsəlman və xristian filosoflar ciddi təzyiqlərlə üzləşiblər.
Məsələn, İslam dünyasında İbn Sina, İbn Rüşd, Bəhmənyar kimi görkəmli filosoflar müxtəlif dövrlərdə təqiblərə məruz qalıb, bəzən isə kafir elan ediliblər. Əbu Hamid əl-Qəzalinin bəzi əsərlərində də İbn Sina və İbn Rüşdün baxışları kəskin tənqid olunur. Bu cür yanaşmalar zaman keçdikcə dinin ətrafında mövhumatın və xurafatın güclənməsinə səbəb olub.
Əslində isə din təkcə ibadət qaydalarından ibarət deyil. Onun zəngin mədəni, elmi və fəlsəfi tərəfləri də var. Bu baxımdan dini düşüncənin zamanın tələblərinə uyğun şəkildə yenilənməsi, islahatlara açıq olması və xüsusilə gənc nəslə müasir dillə çatdırılması vacibdir. Təəssüf ki, bəzi saxtakar dini çevrələr İslamın əsl mahiyyətini təhrif edərək onu Peyğəmbərin təbliğ etdiyi prinsiplərdən uzaqlaşdırıblar.
Ümumilikdə isə İslam yeniliyi və elmi inkar etmir. Quranda da insanı düşünməyə, öyrənməyə və təfəkkür etməyə çağıran çoxsaylı ayələr mövcuddur. Dinin əsl mahiyyəti insanlıq, mənəviyyat və əxlaqi dəyərlərlə sıx bağlıdır. Bu isə hər şeydən əvvəl inanc məsələsidir.
Günel Cəlilova


