Milli Məclisdə “Toxumçuluq haqqında” qanun layihəsinin müzakirəsi zamanı İnsan hüquqları komitəsinin sədri Zahid Oruc diqqətçəkən məqama toxunub.
O bildirib ki, Azərbaycan illər keçdikcə özünəməxsus yerli bitki sortlarını itirmək təhlükəsi ilə üz-üzədir. Onun sözlərinə görə, vaxtilə Azərbaycanın, xüsusilə də Göyçay narının tingləri xarici ölkələrdə belə böyük maraq doğurur, hətta ötən əsrin 80-ci illərində ABŞ-da həmin tinglərlə plantasiyalar salınırdı.
Deputat qeyd edib ki, bu gün istehlakçılar uşaqlıq illərində yedikləri alma, pomidor, qarpız, yemiş, kartof və soğanın əvvəlki dadını tapa bilmədiklərini tez-tez dilə gətirirlər. Bunun əsas səbəblərindən biri yüksək məhsuldarlıq əldə etmək məqsədilə yerli sortların tədricən hibrid toxumlarla əvəz olunmasıdır. Çünki hibrid sortlar daha bol məhsul verir, daşınma zamanı daha davamlı olur, eyni ölçüdə yetişir, uzun müddət xarab olmur və iri ticarət şəbəkələrinin tələblərinə daha uyğun hesab edilir.
Bəs yerli və milli toxumların getdikcə dövriyyədən çıxmasının əsas səbəbləri nələrdir və bu proses ölkənin kənd təsərrüfatı ilə yanaşı, ərzaq təhlükəsizliyinə necə təsir göstərə bilər?
Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Hit.az-a açıqlamasında deyib ki, milli toxumların və yerli bitki sortlarının tədricən azalmasının əsas səbəblərindən biri kənd təsərrüfatında yüksək məhsuldarlığa üstünlük verilməsidir:
“Fermerlər daha çox məhsul verən, xəstəliklərə nisbətən davamlı, daşınma və saxlanma müddəti uzun olan hibrid toxumlara üstünlük verirlər. Bu isə yerli sortların əkin sahələrinin ildən-ilə azalmasına və nəticədə onların genetik ehtiyatının zəifləməsinə gətirib çıxarır. Həmçinin, şəhərləşmə, iqlim dəyişikliyi, kənd təsərrüfatı ənənələrinin dəyişməsi və yerli toxumların qorunmasına yetərincə investisiya ayrılmaması da bu prosesi sürətləndirən amillər sırasındadır”.

Ekspert hesab edir ki, yerli sortların yoxa çıxması kənd təsərrüfatı üçün bir sıra risklər yaradır:
“Bu sortlar uzun illər ərzində Azərbaycanın torpaq-iqlim şəraitinə uyğunlaşdığı üçün quraqlıq, temperatur dəyişiklikləri və bəzi yerli xəstəliklərə qarşı daha dözümlü ola bilirlər. Onların itirilməsi gələcəkdə yeni iqlim və xəstəlik çağırışlarına uyğun məhsul yetişdirmək imkanlarını məhdudlaşdıra bilər. Genetik müxtəlifliyin azalması isə kənd təsərrüfatını daha həssas vəziyyətə salır.
Ərzaq təhlükəsizliyi baxımından da bu məsələ mühüm əhəmiyyət daşıyır. Ölkənin toxum təminatında xarici mənbələrdən asılılığın artması qlobal bazarda qiymət dəyişiklikləri, logistika problemləri və ya ticarət məhdudiyyətləri zamanı risk yarada bilər”.
Mütəxəssis əlavə edib ki, yerli toxum ehtiyatlarının qorunması isə ölkənin öz resurslarına əsaslanaraq dayanıqlı istehsal imkanlarını gücləndirir və fövqəladə hallarda ərzaq təminatının davamlılığını artırır:
“Yüksək məhsuldarlıq ilə yerli genofondun qorunması arasında balans yaradılmalıdır. Bunun üçün milli toxum banklarının inkişaf etdirilməsi, yerli sortların elmi şəkildə seleksiyası, fermerlərin bu, toxumlardan istifadəyə təşviq edilməsi və onların kommersiya baxımından rəqabət qabiliyyətinin artırılması vacib hesab olunur. Belə yanaşma həm kənd təsərrüfatının davamlı inkişafına, həm də ölkənin uzunmüddətli ərzaq təhlükəsizliyinin möhkəmlənməsinə xidmət edə bilər”.
Günel Cəlilova

