Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Birləşmiş Millətlər Təşkilatının (BMT) Nyu-Yorkdakı mənzil-qərargahında BMT Baş Assambleyasının “Hamı üçün dayanıqlı urbanizasiyanın təmin edilməsi: 2036-cı ilədək Yeni Şəhər Gündəliyinin həyata keçirilməsinin sürətləndirilməsi və geniş tətbiqi istiqamətində birgə fəaliyyət” mövzusunda yüksəksəviyyəli iclasında iştirak edir.
16–17 iyul 2026-cı il tarixlərində keçirilən iclas 2016-cı ildə Kito şəhərində keçirilmiş Habitat III Konfransında qəbul edilən Yeni Şəhər Gündəliyinin icrasının 10 illik nəticələrinin qiymətləndirilməsi və 2036-cı ilədək qlobal fəaliyyətin sürətləndirilməsi üçün prioritetlərin müəyyənləşdirilməsinə həsr olunub. Dünyanın müxtəlif ölkələrindən yüksəksəviyyəli nümayəndələri bir araya gətirən tədbirdə münasib mənzil təminatı, inklüziv şəhər inkişafı, iqlim dəyişikliyi və davamlı urbanizasiya, eləcə də Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM), xüsusilə DİM 11-in icrasının sürətləndirilməsi kimi aktual məsələlər müzakirə edilir.
Yüksəksəviyyəli iclas çərçivəsində Anar Quliyevin açılış mərasimində və Yeni Şəhər Gündəliyinin icrasına həsr olunan plenar müzakirələrdə, həmçinin nazirlərin dəyirmi masa formatında keçiriləcək görüşündə çıxış etməsi nəzərdə tutulur. Bununla yanaşı, Komitə sədri Dayanıqlı İnkişaf Məqsədlərinin lokallaşdırılmasına dair xüsusi tədbirdə və maraqlı tərəflərin iştirakı ilə keçirilən panel müzakirələrində iştirak edərək, Azərbaycanın dayanıqlı və inklüziv şəhər inkişafı sahəsində yanaşmalarını təqdim edəcək.
Qeyd edək ki, Nyu-Yorkdakı müzakirələr bu ilin may ayında Bakıda keçirilmiş Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) formalaşan qlobal dialoqun davamı kimi xüsusi əhəmiyyət daşıyır. 176 ölkədən 58 mindən çox iştirakçını bir araya gətirən WUF13 Forum tarixində ən genişmiqyaslı tədbir olub. Azərbaycanın təşəbbüsü ilə ilk dəfə keçirilən Liderlər Seqmenti isə şəhərsalma və mənzil məsələlərinin yüksək siyasi gündəlikdə mövqeyini gücləndirib.
Forumun “Bakı Fəaliyyətə Çağırış” yekun sənədi Yeni Şəhər Gündəliyinin icrasının sürətləndirilməsi, münasib mənzil təminatının genişləndirilməsi, insanmərkəzli şəhər inkişafı və iqlim dayanıqlılığının gücləndirilməsi üzrə birgə fəaliyyətə çağırır. Hökumətlərin, yerli idarəetmə orqanlarının, beynəlxalq təşkilatların, vətəndaş cəmiyyətinin, akademik dairələrin, gənclərin və özəl sektorun ortaq baxışını əks etdirən sənəddə müəyyən olunmuş prioritetlər hazırkı yüksəksəviyyəli iclasın əsas müzakirə istiqamətləri ilə uzlaşır.
Eyni zamanda, BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) ilə Qarabağ və Şərqi Zəngəzurda dayanıqlı yaşayış məntəqələrinin planlaşdırılması və inkişafı üzrə birgə layihənin həyata keçirilməsinə dair Töhfə Sazişinin imzalanması planlaşdırılır. Saziş işğaldan azad edilmiş ərazilərdə müasir şəhərsalma yanaşmalarının geniş tətbiqi, qabaqcıl beynəlxalq təcrübə mübadiləsinin təşviqi, eləcə də UN-Habitat ilə uzunmüddətli tərəfdaşlığın daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.


