Anaklia dərin dəniz limanı xarici investorların diqqətini cəlb edən əsas layihələrdən birinə çevrilib.
Üstəlik, layihədə iştirak etmək istəyən ölkə və şirkətlərin dairəsi getdikcə genişlənir. Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Mariam Kvrivişvili limanla bağlı marağın yalnız region ölkələri ilə məhdudlaşmadığını, Azərbaycan, Çin, Mərkəzi Asiya dövlətləri və bir sıra Qərb şirkətləri də bu layihədə əməkdaşlıq imkanlarını dəyərləndirdiyini bəyan edib. Bu isə o deməkdir ki, Gürcüstan Azərbaycanla iqtisadi münasibətləri daha da inkişaf etdirməkdə maraqlıdır.
Real Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli Hit.az-a açıqlamasında bildirib ki, Anaklia limanının fəaliyyətə başlaması regionda yük axınlarının istiqamətini əhəmiyyətli dərəcədə dəyişə bilər:

“Bu layihə Avropa ilə Asiya arasında daşımaların daha çevik və səmərəli təşkilinə yeni imkanlar açacaq. Yeni nəqliyyat zənciri sayəsində Çin və digər Asiya ölkələrindən gələn yüklər Azərbaycan ərazisindən keçərək Gürcüstana çatdırılacaq, daha sonra isə dəniz yolu ilə müxtəlif beynəlxalq bazarlara çıxarılacaq. Limanın dərinliyi iri tonnajlı konteyner gəmilərinin maneəsiz qəbuluna imkan verəcək ki, bu da böyük həcmdə yüklərin daha qısa müddətdə daşınmasını təmin edəcək”.
Ekspert hesab edir ki, layihənin reallaşması beynəlxalq logistika marşrutlarının rəqabət qabiliyyətini artıracaq, yükdaşımalarının sürətlənməsinə və ticarət əlaqələrinin genişlənməsinə müsbət təsir göstərəcək:
“Azərbaycan üçün isə bu təşəbbüs tranzit imkanlarının daha səmərəli istifadəsi, nəqliyyat dəhlizlərində mövqeyinin möhkəmlənməsi və ölkənin regional logistika mərkəzi kimi əhəmiyyətinin artması baxımından xüsusi strateji dəyərə malikdir”.
Günel Cəlilova


