Dünən bəyənilməyən və dəb olmayan bəzi geyim modelləri və parçaları bu gün dəb olaraq geyinilir.
Əslində isə elə dəyişiklik olmadı, əvvəldə belə idi. İndi isə insanların düşüncəsi, həyata baxış nöqtəsi dəyişdi. “Köhnə üslubdur”, “İndi belə tərz geyinilmir”, “Yaşlı tərzidir” kimi sözlər demək olar ki, lüğətimizdən yavaş-yavaş kənarlaşır.
Yəqin ki, 7-8 il öncə hazırda dəb olan geyimlər istifadə edilsə, gənclər arasında bu sözləri eşidərdik. Köhnə illərin geyim tərzi, saç, makiyajının dəb olması ilə insanlar artıq geyimlərin və digər dəb olan tərzlərin üslubunda elə də nöqsan tapa bilmirlər.
Psixoloq Fərqanə Mehmanqızı geyim tərzinin formalaşmasında psixologiyanın rolu barədə Hit.az-a müsahibə verib:
- Fərqanə xanım, insanlar geyimlərini zövqlərinə görə, yoxsa trendlərin təsirilə seçirlər?
- İnsan var ki, geyimində başqa insanı kopyalayır, insan da var ki, tərzini zövqünə uyğun olaraq seçir. Başqasının tərzini kopyalamaq da zövq məsələsidir. İnsan özünə güvənmir və fikirləşir ki, onda daha yaxşı alınmaz. Hələ özünü o qədər də yaxşı inkişaf etdirməyib. Bu, paralellik məsələsidir, fikirlərini inkişaf etdirmir və başqasından kopyalayır. Yəni, zövqü yaxşıdır, amma özgüvənində problem var. Kənardan insanların geyiminə yaxşı, yaxud pis deyə bilərik, lakin şəxs onu xoşu gəldiyi üçün geyinir.
- Sizcə, geyim insanın xarakterini və şəxsiyyətini əks etdirirmi?
- Yaş irəlilədikcə və moda dəyişdikcə tərzimiz də dəyişir. Psixoloji durumumuz da bu anda çox önəmlidir. İnsan var ki, özünə diqqət etmək istəmir, bəzən zərif, çox diqqət cəlb edən yaxud sadə rənglərə uyğun tərz istəyir. Adətən insanın ruh halı qarışıq olanda, o, sakit tonlara üstün verir, çünki ruh halını gizlətmək istəyir. Məsələn, iş görüşmələrinə gedərkən adətən qara rəngli geyimlər seçilir. Ona görə ki, narahatlıq var, həyəcanı bağlamaq, özü haqqında minimum məlumat vermək üçün tünd rənglərə əhəmiyyət verilir. İnsan xoş, çılğın, enerjili olduqda isə rəngli, diqqət cəlb edən geyimlərə üstünlük verir.
İnsanın özgüvənində, daxilində problem varsa, o zaman rənglər bir-birini tutmur. Rənglər uyğun olmayanda isə artıq şəxsdə psixoloji durumundan dolayı artıq rəngli paltarlar seçdiyini bilirik. Digər tərəfdən isə insanın əhvalı çox yaxşı olanda, əlvan geyinmək istəyir, artıq başqa rəng tonları əlavə olunsa da, bir-birini tamamlayır. Geyim də musiqi kimidir, o da insanı tamamlamalı və həzin zövq verməlidir.
- Media və dünya dəbi insanların geyim seçimlərinə nə dərəcədə təsir göstərir?
- Zövqlər müxtəlifdir, onları dünya modelləri və media idarə edir. Lakin idarə etsə belə, bizə müəyyən seçimlər verir. Bu gün moda konkretdir. Yəni, seçim çoxdur deyə bir şey yoxdur. Əslində, bu çoxunda məhdudiyyətsiz deyil, məhdudiyyət var. Bu məhdudiyyətin içindən psixologiyamıza, həyat tərzimizə və xarakterimizə uyan, həmçinin modadan da aldığımız seçimlərə uyğun tərz düzəldirik.
Arzu İbrəhimova



