Sosial şəbəkə asılılığından necə xilas olaq?

SOSİAL
15:00 / 13.07.2026
198

“Son illər sosial şəbəkələr həyatımızın ayrılmaz bir hissəsinə çevrilib”. 

Bu sözləri psixoloq Ülviyyə Ağazadə Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, əvvəllər insanlar daha çox telefon asılılığından danışırdılar:

 
“İndi isə problem telefonun özü deyil, onun içində keçirdiyimiz vaxtdır. Çoxumuz fərqinə varmadan gün ərzində onlarla, bəzən yüzlərlə dəfə telefonu əlimizə alırıq. Maraqlısı odur ki, əksər hallarda bunun konkret bir səbəbi də olmur. Bu davranışın arxasında psixoloji səbəblər dayanır. İnsan beyni yeniliyi sevir. 

Sosial şəbəkələr isə hər dəfə bizə yeni görüntü, yeni xəbər, yeni video təqdim edir. Beyin bunu mükafat kimi qəbul edir və dopamin ifraz olunur. Bu da qısa müddətli xoş hiss yaradır. Həmin hiss keçəndən sonra beyin yenidən eyni hissi yaşamaq istəyir və insan fərqinə varmadan yenə telefonu açır. Bu, bir növ vərdiş halına gəlir”. 

Ekspert qeyd edib ki, digər mühüm səbəb isə insanların nəyisə qaçırmaq qorxusudur:
“Bir çox insan düşünür ki, “bəlkə vacib xəbər paylaşıldı, kimsə mənə yazdı, dostlarım nəsə paylaşdı və mən bunu görmədim”. Bu narahatlıq bizi dəfələrlə sosial şəbəkələri yoxlamağa sövq edir. Amma məsələ bununla bitmir. Biz görürük ki, insanlar stress keçirəndə, darıxanda, özünü tənha hiss edəndə və ya emosional olaraq yorulanda da ilk olaraq telefona üz tuturlar. 

Sosial şəbəkələr həmin an insana sanki rahatlıq verir. Əslində isə problem həll olunmur, sadəcə bir müddət diqqətdən yayınır. Bu da zamanla emosiyaları idarə etmək əvəzinə onlardan qaçmaq vərdişi yaradır. Uzun müddət bu şəkildə yaşamaq diqqətin zəifləməsinə, iş məhsuldarlığının azalmasına, yuxu problemlərinə, narahatlıq hissinin artmasına və hətta depressiv əlamətlərin güclənməsinə səbəb ola bilər”.

Psixoloq vurğulayıb ki, insan bəzən ailəsinin yanında oturanda belə fikri və diqqəti tamamilə telefonda olur:
“Fiziki olaraq bir yerdə olsa da, emosional olaraq həmin mühitdən uzaqlaşır. Sevindirici tərəfi odur ki, bu vəziyyətdən çıxmaq mümkündür. İlk addım insanın öz davranışının fərqində olmasıdır. Gün ərzində neçə dəfə telefona baxdığını izləmək belə insana vəziyyətin miqyasını göstərir. 

Bildirişləri azaltmaq, sosial şəbəkələr üçün müəyyən vaxt ayırmaq, səhər oyanan kimi və yatmazdan əvvəl telefondan istifadə etməməyə çalışmaq faydalı addımlardır. Bununla yanaşı, insan həyatında ekranı əvəz edəcək fəaliyyətlər də olmalıdır. İdman, gəzinti, kitab oxumaq, hobbilər və real ünsiyyət beynin ehtiyac duyduğu müsbət hissləri daha sağlam yollarla təmin edir”.

Həmsöhbətimizin sözlərinə görə, əgər sosial şəbəkələrdən uzaq qalmaq insanda ciddi narahatlıq yaradırsa, gündəlik həyatına, işinə və münasibətlərinə mənfi təsir edirsə, artıq bunu sadəcə vərdiş kimi qiymətləndirmək düzgün olmaz:
“Belə hallarda psixoloji dəstək almaq vacibdir. Çünki bəzən sosial şəbəkə asılılığı görünən problem olur, onun arxasında isə tənhalıq, emosional boşluq, özünəinam çatışmazlığı və ya həll olunmamış psixoloji çətinliklər dayanır.

Texnologiya həyatımızı asanlaşdırmaq üçün var. Amma nə vaxt ki, o, bizim vaxtımızı, diqqətimizi və münasibətlərimizi idarə etməyə başlayır, artıq burada dayanıb özümüzə bir sual verməliyik: “Mən sosial şəbəkədən istifadə edirəm, yoxsa sosial şəbəkə məni idarə edir?”

Sosial şəbəkələr həyatımızdan vaxt aparmaqla yanaşı, bəzən bizi özümüzlə müqayisə etməyə də sövq edir. İnsanlar orada adətən həyatlarının ən uğurlu və xoş anlarını paylaşırlar. Bu görüntülərlə öz gündəlik həyatımızı müqayisə etdikdə isə özümüzü kifayət qədər uğurlu və ya xoşbəxt hiss etməyə bilərik. Halbuki sosial şəbəkələr reallığın tam mənzərəsini göstərmir və bunu unutmamaq psixoloji sağlamlığımız üçün çox vacibdir”.

Pərviz

0