Aİ Ukraynaya kredit vəsaiti ilə Çindən dron komponentləri almağa icazə verdi

DÜNYA
13:35 / 15.07.2026
44

Avropa İttifaqı Ukraynaya müdafiə krediti vəsaitlərinin bir hissəsini Çin istehsalı olan pilotsuz uçuş aparatları üçün komponentlərin alınmasına yönəltməyə icazə verib. Bu qərar müdafiə maliyyələşdirilməsi qaydalarından istisna hesab olunur. 

HİT.az xəbər verir ki, bu barədə "Financial Times" qərarla tanış mənbələrə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, Kiyev Aİ-nin müdafiə krediti üzrə təxminən 6 milyard avro həcmində ilk tranşından müəyyən vəsaitləri Çin istehsalı komponentlərin alınmasına istifadə etmək hüququ əldə edib.

Bu maliyyə Avropa İttifaqının Ukraynanın müdafiə tədarüklərinə 60 milyard avro ayırmasını nəzərdə tutan genişmiqyaslı proqramının bir hissəsidir.

Proqramın ümumi qaydalarına əsasən, Avropa vəsaiti hesabına alınan məhsullar əsasən Aİ ölkələri, Ukrayna və ya təsdiqlənmiş tərəfdaş dövlətlərdən mənşə almalıdır.

Lakin qaydalarda istisna mexanizmi nəzərdə tutulub. Əgər tələb olunan məhsulları lazımi həcmdə və qısa müddətdə əldə etmək mümkün deyilsə, Ukrayna Brüsseldən digər ölkələrdən alış üçün xüsusi icazə ala bilər. Məhz Kiyev bu mexanizmdən istifadə edib.

"Financial Times" yazır ki, bu qərar Avropanın müdafiə sənayesinin hələlik Ukraynanın dron istehsalını tam təmin etmək üçün kifayət qədər komponent istehsal edə bilmədiyini göstərir.

Avropa ölkələri silah istehsalını artırmağa çalışsalar da, bəzi kritik əhəmiyyətli hissələr hələ də Çindən alınır.

Məsələ ziddiyyətli vəziyyət yaradır. Belə ki, Aİ dəfələrlə Pekini ikili təyinatlı məhsulların tədarükü vasitəsilə Rusiyanın hərbi-sənaye kompleksinə dəstək verməkdə ittiham edib. Eyni zamanda Çin istehsalı komponentlər Ukraynanın dron istehsalı üçün də mühüm əhəmiyyət daşıyır.

Hazırda pilotsuz uçuş aparatları Ukrayna ordusunun Rusiya qüvvələrinə qarşı əsas zərbə vasitələrindən biri hesab olunur. Ukrayna rəsmilərinin məlumatına görə, döyüş meydanında Rusiya ordusunun itkilərinin təxminən 80 faizi məhz dronların istifadəsi nəticəsində baş verir.

Son illərdə Ukrayna Avropanın ən dinamik inkişaf edən müdafiə sənayesi sahələrindən birini yaradıb. Lakin cəbhənin ehtiyacları hələ də müttəfiqlərin bəzi komponentlərin istehsalı üzrə imkanlarını üstələyir.

Samir

0