Manipulyasiya ilə insanlar demək olar ki, gündəlik həyatlarında tez-tez qarşılaşırlar.
Manipulyasiya etməyə çalışan şəxslər adətən qarşı tərəfin fikirlərinə təsir etməyə çalışırlar. Bu isə həmsöhbətin qərar alma və qərar vermə prosessini xeyli çətinləşdirir. Müasir dünyanın inkişaf etdiyi, süni intellektin qüvvətlənməsi zamanı isə belə hallar nadirən yox hər an baş verə bilir.
Manipulyasiya etməyə çalışan şəxs qurbanın hiss və düşüncələrini sanki ovsunlayır. Nəticədə isə qarşıq düşüncələr, tərəddüd və inamsızlıq yaşamağa başlayır. Bu tip manipulyatorlar adətən özünə hədsiz inanan şəxslər olurlar. Onlar üçün aldatmaq, yalan danışmaq və digər saymaqla bitməyən mənfiliklər çox asan olur.
Mövzu ilə bağlı ailə və uşaq psixoloqu Aynur İsmayılova Hit.az-a müsahibə verib:
- Aynur xanım, insanların manipulyasiyaya məruz qalma səbəbləri nədir?

- Dünyada elə bir insan yoxdur ki, həyatının hər hansısa dönəmində manipulyasiyaya məruz qalmasın. Əgər insan övladı varsa, onun həyatında travmaları olduğu kimi, manipulyasiya uğradığı məqamlar da olur. Ən çox manipulasiyaya məruz qalma səbəbləri isə insanların daha çox sevilmə duyğusunun yüksək olmasıdır.
Günümüzün ən çox problemli tərəfi isə “yox” deməyi bacarmayan insanlardır. Onlar, demək olar ki, manipulasiyanın hər zaman bir addımlığında olurlar. Həmçinin, tək qalmaqdan qorxan, uğur qazanmaq üçün hər yola əl ata biləcək və itirmə qorxusu yüksək olan insanlar daha çox manipulyasiyaya məruz qalırlar.
- Manipulyasiya insanların qərarvermə prosesinə və davranışlarına necə təsir edir?
- Manipulyatorlar adətən insanların nəyə ehtiyacı varsa o tərəfdən yaxınlaşırlar. Bir növ onları qabağa çəkirlər, sonra isə onun günahkarlıq hissini, emosional boşluqlarını doldurmaq üçün həmin adamdan istifadə etməyə başlayırlar. Manpulyasiya insanların davranışlarına mütləq şəkildə təsir edir. Əgər insan manipulasiyaya məruz qalıbsa, birmənalı şəkildə bunu hiss edir.
Həmişə ən vacib ehtiyaclarını ikinci plana keçirir, yəni manipulyasiyaya uğradığı insanın istəyini isə birinci plan bilir. Hər bir vəziyyətdə özündə günah axtarmağa başlayır. Bir növ tamamilə qərarsız olur. Qərarın həmişə manipulyatorun verməsini gözləyir. Bu insanların özünəinamı, özgüvəni, özdəyəri aşağı olur. Hətta bəzi hallarda elə olur ki, insan doğru bildiklərini belə yanlış hesab edir.
- Manipulyasiyadan qorunmaq və onu vaxtında aşkar etmək üçün hansı psixoloji bacarıqlar vacibdir?
- Ümumiyyətlə, insanlar yetkin yaşlarında manipulyasiyaya düşməmək üçün öz bacarıqlarının, resurslarının üstündə güclü işləməli, hər gün özünə yeni bacarıq qazanmalıdır. Eyni zamanda, kimsənin edə bilmədiyi bacarıqlarımızı özümüz üçün bir siyahı tutub yazmalıyıq. Bundan əlavə, səhvimizi sonradan düzətməyə özümüzə söz verməliyik. Ən əsası özümüzü kiməsə yox, məhz özümüzə sübut etməliyik.
Üstəlik, özümüzü hansısa şəxslə müqayisə etməməliyik. Müqayisə edəcəyimiz yeganə insan 5-10 il bundan əvvəlki özümüz olmayalıq. Unutmayaq ki, manipulyator insan açıq şəkildə göstərmir. Biz burada daha çox sevgi və diqqət göstərildiyini sanarıq, lakin manipulyatorun özünün güclü məqsədləri olduğu üçün onun qarşısında özümüzü günahkar hiss edirik.
Arzu İbrəhimova


