Ali təhsil müəssisələrinə qəbul üzrə I və IV ixtisas qruplarını əhatə edən ikinci imtahan mərhələsi yekunlaşıb.
İmtahandan sonra sosial şəbəkələrdə və abituriyentlər arasında sualların gözləniləndən daha mürəkkəb olması ilə bağlı müzakirələr aparılır. Maraq doğuran əsas məqam isə budur: qiymətləndirmə meyarlarında dəyişiklik edilib, yoxsa bu təəssürat abituriyentlərin hazırlıq səviyyəsi və imtahan həyəcanından qaynaqlanır?
Təhsil eksperti Elçin Əfəndi Hit.az-a açıqlamasında deyib ki, bu il qəbul prosesində ixtisas seçimi mərhələsinin daha gərgin keçəcəyi gözlənilir:

“Bunun əsas səbəbi yüksək nəticə göstərən abituriyentlərin sayının artmasıdır ki, bu da eyni ixtisaslara qəbul uğrunda rəqabəti daha da gücləndirəcək. İkinci imtahan mərhələsi ilə bağlı səsləndirilən fikirlərə baxmayaraq, sualların əvvəlki mərhələdən nəzərəçarpacaq dərəcədə ağırlaşdırıldığını demək düzgün olmaz. Adətən bu mərhələyə qədər uzun hazırlıq prosesi namizədlərdə həm fiziki yorğunluq, həm də emosional gərginlik yaradır. Bu da onların tapşırıqları qəbul etməsinə təsir göstərir”.
Ekspert hesab edir ki, bəzi iştirakçılar ilk imtahanda topladıqları balı kifayət qədər uğurlu hesab etdiklərindən sonrakı hazırlıq dövründə əvvəlki intizamı qoruya bilmirlər:
“Nəticədə ikinci imtahanda gözlədikləri irəliləyişi əldə edə bilmirlər, hətta əvvəlki nəticədən geri qalanlar da olur. Digər tərəfdən, ilk cəhddə buraxdığı səhvləri təhlil edən, zəif mövzular üzərində çalışan və hazırlığını davamlı şəkildə davam etdirən abituriyentlər ikinci imtahanda daha yüksək nəticə göstərməyi bacarırlar.
Bu baxımdan, ikinci cəhdin daha çətin görünməsi qiymətləndirmə mexanizminin dəyişməsi ilə deyil, daha çox abituriyentin hazırlıq səviyyəsi, psixoloji durumu və imtahan günü nümayiş etdirdiyi performansla əlaqələndirilə bilər”.
Günel Cəlilova


